15 HİCİR

  • 15:1

    Əlif. Ləm. Ra. Bunlar Kitabın və açıq-aydın Quranın ayələridir.

  • 15:2

    Kafirlər mütləq müsəlman olmalarını arzulayacaqlar.

  • 15:3

    Qoy onlar bir müddət yeyib-içsinlər, əylənsinlər və xam xəyallar onların başlarını qatsın. Tezliklə biləcəklər.

  • 15:4

    Məhv etdiyimiz hər bir diyarın məlum bir yazısı var idi (həlak olacaqları vaxt əvvəlcədən müəyyən edilmişdi).

  • 15:5

    Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubada bilər.

  • 15:6

    Kafirlər dedilər: “Ey özünə Zikr nazil edilən kəs! Doğrudan da, sən dəlisən.

  • 15:7

    Əgər doğru danışanlardansansa, nəyə görə dediyinə şahidlik edə bilən mələkləri bizə gətirmirsən?”

  • 15:8

    Biz mələkləri ancaq haqqı bərqərar etmək üçün endiririk. O zaman kafirlərə möhlət verilməz.

  • 15:9

    Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq.

  • 15:10

    Biz səndən öncə də əvvəlki millətlərə elçilər göndərmişdik.

  • 15:11

    Onlara elə bir elçi gəlməzdi ki, ona istehza etməsinlər.

  • 15:12

    Beləcə, Biz küfrü günahkarların qəlbinə yeridirik.

  • 15:13

    Onlar hələ də ona (Qurana) inanmırlar. Halbuki əvvəlkilərin başına gələnlər onlara bəllidir.

  • 15:14

    Əgər onlara göydən bir qapı açsaydıq və onlar dayanmadan oraya qalxsaydılar,

  • 15:15

    yenə də inanmayıb: “Gözlərimiz dumanlanmış, daha doğrusu biz sehrlənmişik”– deyərdilər.

  • 15:16

    Biz səmada bürclər yaratdıq və onu baxanlar üçün bəzədik.

  • 15:17

    Onları qovulmuş hər bir şeytandan qoruduq.

  • 15:18

    Ancaq şeytanlardan kim göy əhlinin danışıqlarına xəlvətcə qulaq assa, onu yandırıb yaxan alov təqib edər.

  • 15:19

    Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və orada hər şeydən lazım olduğu qədər yetişdirdik.

  • 15:20

    Orada həm sizin üçün, həm də sizin ruzi vermədikləriniz üçün dolanışıq vasitələri yaratdıq.

  • 15:21

    Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Biz onu ancaq müəyyən ölçüdə endiririk.

  • 15:22

    Biz küləkləri dölləndirici (buludlarda su əmələ gətirən, bitkiləri tozlandıran bir vasitə) kimi göndərdik, göydən yağmur yağdırıb onu sizə içirtdik. Belə olmasaydı, siz onu yığıb saxlaya bilməzdiniz.

  • 15:23

    Şübhəsiz ki, Biz həm dirildir, həm də öldürürük və hər şeyə varis olan da Bizik.

  • 15:24

    Həqiqətən, sizdən əvvəl gəlib-gedənləri də bilirik, sonra kimlərin gələcəyini də bilirik.

  • 15:25

    Həqiqətən, Rəbbin onları bir yerə toplayacaq. Çünki O, Müdrikdir, Biləndir.

  • 15:26

    Biz insanı başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən yaratdıq.

  • 15:27

    Cinləri isə daha öncə qızmar alovdan yaratmışdıq.

  • 15:28

    Bir zaman Rəbbin mələklərə dedi: “Mən başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən insan yaradacağam!

  • 15:29

    Mən ona biçim verib Öz ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!”

  • 15:30

    Mələklərin hamısı ona səcdə etdilər.

  • 15:31

    Yalnız İblisdən başqa. O, səcdə edənlər arasında olmaqdan imtina etdi.

  • 15:32

    Allah dedi: “Ey İblis! Nə üçün sən səcdə edənlər arasında deyilsən?”

  • 15:33

    İblis dedi: “Sənin, başqa şəklə düşmüş qara palçıqdan, toxunduqda saxsı kimi səs çıxaran quru gildən yaratdığın insana səcdə etmək mənə yaraşmaz!”

  • 15:34

    Allah dedi: “Oradan çıx! Artıq sən qovuldun.

  • 15:35

    Haqq-hesab gününə qədər sənə lənət olacaqdır”.

  • 15:36

    İblis dedi: “Ey Rəbbim! Onların dirildiləcəkləri günə qədər mənə möhlət ver”.

  • 15:37

    Allah dedi: “Sən möhlət verilənlərdənsən.

  • 15:38

    Ancaq məlum vaxtın gününə qədər”.

  • 15:39

    İblis dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə onlara pis işləri gözəl göstərib onların hamısını azdıracağam.

  • 15:40

    Yalnız Sənin seçilmiş, ixlaslı qullarından başqa”.

  • 15:41

    Allah dedi: “Bu, Mənə tərəf gətirib çıxaran düz yoldur.

  • 15:42

    Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlardan başqa”.

  • 15:43

    Həqiqətən, Cəhənnəm onların hamısına vəd olunmuş yerdir.

  • 15:44

    Onun yeddi qapısı vardır. Hər qapı üçün onlardan müəyyən bir dəstə təyin olunmuşdur.

  • 15:45

    Sözsüz ki, müttəqilər Cənnət bağlarında və çeşmələr başında olacaqlar.

  • 15:46

    Onlara deyiləcək: “Oraya sağ-salamat və xatircəmliklə daxil olun!”

  • 15:47

    Biz onların köksündəki kin-küdurəti çıxarıb kənar etdik. Onlar taxtlar üzərində qarşı-qarşıya əyləşən qardaşlar olacaqlar.

  • 15:48

    Onlara orada heç bir yorğunluq toxunmayacaq və onlar oradan çıxarılmayacaqlar.

  • 15:49

    Qullarıma xəbər ver ki, Mən Bağışlayanam, Rəhmliyəm.

  • 15:50

    Əzabım isə ağrılı-acılı əzabdır.

  • 15:51

    Onlara İbrahimin qonaqları barəsində də xəbər ver.

  • 15:52

    O zaman onlar İbrahimin yanına daxil olub: “Salam!”– dedilər. İbrahim: “Biz sizdən ehtiyat edirik!”– dedi.

  • 15:53

    Mələklər: “Qorxma! Həqiqətən, biz səni bilikli bir oğulla müjdələyirik!”– dedilər.

  • 15:54

    İbrahim dedi: “Qocalıq məni haqladığı bir vaxtda mənə müjdə verirsiniz? Məni nə ilə müjdələyirsiniz?”

  • 15:55

    Onlar dedilər: “Biz sənə həqiqətlə müjdə veririk. Sən ümidini üzənlərdən olma!”

  • 15:56

    İbrahim dedi: “Doğru yoldan azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?”

  • 15:57

    İbrahim dedi: “Ey elçilər! Vəzifəniz nədir?”

  • 15:58

    Onlar dedilər: “Biz günahkar adamları məhv etməyə göndərilmişik;

  • 15:59

    yalniz Lutun ailəsindən başqa. Biz onların hamısını xilas edəcəyik.

  • 15:60

    Lutun arvadından başqa. Biz onun geridə qalanlardan olmasına qərar verdik”.

  • 15:61

    Elçilər Lut əhlinin yanına gəldikdə

  • 15:62

    o dedi: “Siz yad adamlarsınız!”

  • 15:63

    Onlar dedilər: “Xeyr, biz sənin yanına onların şübhə etdiyi əzab ilə gəlmişik.

  • 15:64

    Biz sənin yanına doğru xəbərlə gəlmişik. Həqiqətən də, biz doğru danışanlarıq.

  • 15:65

    Gecənin bir vaxtı ailəni yola çıxart və özün də onların arxasınca get. Sizdən heç kəs çevrilib arxaya baxmasın. Sizə əmr olunan yerə yollanın”.

  • 15:66

    Biz ona vəhy etdik ki, sübh çağı onların kökü kəsiləcək.

  • 15:67

    Şəhər əhalisi bir-birini muştuluqlayaraq onun yanına gəldilər.

  • 15:68

    Lut dedi: “Bunlar mənim qonaqlarımdır. Məni biabır etməyin!

  • 15:69

    Allahdan qorxun və məni hörmətdən salmayın!”

  • 15:70

    Onlar dedilər: “Məgər biz sənə bura gələn adamları qonaq saxlamağı qadağan etməmişik?”

  • 15:71

    O dedi: “Bunlar mənim qızlarımdır! Əgər istəyirsinizsə, onlarla evlənin!”

  • 15:72

    (Ey Muhəmməd!) Sənin canına and olsun ki, onlar sərxoşluqları içində veyl-veyl gəzirdilər.

  • 15:73

    Günəş doğanda qorxunc səs onları yaxaladı.

  • 15:74

    Oranın altını üstünə çevirdik və onların üzərinə odda bişmiş gil daşlar yağdırdıq.

  • 15:75

    Şübhəsiz ki, bunda başa düşənlər üçün dəlillər vardır.

  • 15:76

    Həqiqətən, onlar Məkkədən Şama gedən yolun üstündə yaşayırdılar.

  • 15:77

    Şübhəsiz ki, bunda möminlər üçün dəlillər vardır.

  • 15:78

    Əykə əhli də zalım idi.

  • 15:79

    Onlardan da intiqam aldıq. Hər iki kənd aydın görünən yol üzərində yerləşirdi.

  • 15:80

    Hicr əhli də elçiləri yalançı saydı.

  • 15:81

    Biz onlara ayələrimizi göndərdik, lakin onlar bu ayələrdən üz döndərdilər.

  • 15:82

    Onlar təhlükəsizlikdə qalmaq üçün dağlarda evlər yonurdular.

  • 15:83

    Onları sübh çağı qorxunc səs yaxaladı.

  • 15:84

    Qazandıqları dünya malı isə onlara heç bir fayda vermədi.

  • 15:85

    Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O Saat mütləq gələcəkdir. Odur ki, Sən onları gözəl tərzdə bağışla.

  • 15:86

    Həqiqətən, Rəbbin Yaradandır, Biləndir.

  • 15:87

    Biz sənə təkrarlanan yeddi ayəni və əzəmətli Quranı verdik.

  • 15:88

    Onların bəzi təbəqələrinə verdiyimiz fani dünya malına gözünü dikmə, onlara görə kədərlənmə, möminlərlə yumşaq davran

  • 15:89

    və de: “Şübhəsiz ki, mən açıq-aşkar bir xəbərdar edənəm!”

  • 15:90

    Biz Quranı bölənlərə də beləcə əzab endirmişdik.

  • 15:91

    Onlar Quranı hissələrə böldülər (bir qisminə inanıb, digər qismini inkar etdilər).

  • 15:92

    Rəbbinə and olsun ki, Biz onların hamısından soruşacağıq –

  • 15:93

    törətdikləri əməllər barəsində.

  • 15:94

    Sənə buyurulanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir.

  • 15:95

    Sözsüz ki, istehza edənlərə qarşı Biz sənə yetərik.

  • 15:96

    O kəslər ki, Allaha başqa məbudu şərik qoşurlar. Onlar tezliklə biləcəklər.

  • 15:97

    Biz onların dediklərindən sənin qəlbinin daraldığını bilirik.

  • 15:98

    Sən həmd-səna ilə Rəbbini təriflə və səcdə edənlərdən ol!

  • 15:99

    Sənə ölüm gələnədək Rəbbinə ibadət et.

Paylaş
Tweet'le