26 ŞUARA

  • 26:1

    Ta. Sin. Mim.

  • 26:2

    Bunlar aydın Kitabın ayələridir.

  • 26:3

    Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?

  • 26:4

    Biz istəsəydik, göydən onlara elə bir əlamət göndərərdik ki, onun önündə başları itaətkarlıqla əyilərdi.

  • 26:5

    Mərhəmətli Allahdan onlara elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər.

  • 26:6

    Onlar ayələri uydurma saydılar. Məsxərəyə qoyduqlarının xəbəri onlara yetişəcəkdir.

  • 26:7

    Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdiyimizi görmürlər?

  • 26:8

    Həqiqətən də, bunda bir əlamət vardır. Lakin onların əksəriyyəti mömin olmadı.

  • 26:9

    Bəli, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.

  • 26:10

    Bir zaman Rəbbin Musaya demişdi: “Get o zalım qövmün –

  • 26:11

    Firon xalqının yanına! Onlar qorxmurlarmı?”

  • 26:12

    Musa dedi: “Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr,

  • 26:13

    belə olduqda ürəyim sıxılar, dilim də söz tutmaz. Buna görə Haruna da vəhy göndər.

  • 26:14

    Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram”.

  • 26:15

    Allah dedi: “Xeyr, bu mümkün deyil! İkiniz də möcüzələrimizlə onların yanına gedin! Şübhəsiz ki, Biz də sizinləyik, hər şeyi eşidirik.

  • 26:16

    Fironun yanına gedib deyin: “Biz aləmlərin Rəbbinin elçiləriyik!

  • 26:17

    İsrail oğullarını bizimlə birgə burax!”

  • 26:18

    Firon dedi: “Biz səni körpə ikən götürüb saxlayıb boya-başa çatdırmadıqmı? Sən ömrünün bəzi illərini bizimlə yaşamadınmı?

  • 26:19

    Elədiyin pis əməli də elədin. Doğrudan da, sən bir nankorsan!”

  • 26:20

    Musa dedi: “Mən onu edəndə nadan olmuşam.

  • 26:21

    Mən sizdən qorxduğum üçün yanınızdan qaçıb getdim. Amma sonradan Rəbbim mənə hökmranlıq (peyğəmbərlik) verdi və məni elçilərdən etdi.

  • 26:22

    Başıma qaxdığın o nemətin də İsrail oğullarını özünə kölə etməyindir”.

  • 26:23

    Firon dedi: “Aləmlərin Rəbbi nədir?”

  • 26:24

    Musa dedi: “Əgər yəqinliklə inanırsınızsa, bilin ki, O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!”

  • 26:25

    Firon ətrafındakılara dedi: “Onun nə danışdığını eşitmirsinizmi?”

  • 26:26

    Musa dedi: “O sizin də, ulu babalarınızın da Rəbbidir!”

  • 26:27

    Firon dedi: “Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!”

  • 26:28

    Musa dedi: “Əgər anlayırsınızsa, bilin ki, O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!”

  • 26:29

    Firon dedi: “Əgər məndən başqasına sitayiş etsən, səni məhbusların yanına ataram!”

  • 26:30

    Musa dedi: “Bəs sənə açıq-aşkar bir şey göstərsəm necə?”

  • 26:31

    Firon dedi: “Əgər doğru danışanlardansansa, göstər onu!”

  • 26:32

    Musa əsasını yerə atınca, o dərhal dönüb açıq-aşkar bir ilana çevrildi.

  • 26:33

    Əlini qoynundan çıxardan kimi o, baxanların gözü qabağında ağappaq nur saçan bir əl oldu.

  • 26:34

    Firon ətrafındakı zadəganlara dedi: “Həqiqətən də, bu, bilikli bir sehrbazdır!

  • 26:35

    O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?”

  • 26:36

    Onlar dedilər: “Onu qardaşı ilə bir qədər gözlət və şəhərlərə adam yığanlar göndər ki,

  • 26:37

    bütün bilikli sehrbazları sənin yanına gətirsinlər”.

  • 26:38

    Beləliklə, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar.

  • 26:39

    Camaata deyildi: “Siz də yığışırsınızmı?

  • 26:40

    Əgər sehrbazlar qalib gəlsələr, ola bilsin ki, biz də onlara tabe olaq”.

  • 26:41

    Sehrbazlar gələn kimi Firona dedilər: “Əgər qalib gəlsək, bizə mükafat veriləcəkmi?”

  • 26:42

    Firon dedi: “Bəli! Belə olacağı təqdirdə sizi özümə yaxın adamlardan edəcəyəm”.

  • 26:43

    Musa onlara dedi: “Nə atacaqsınızsa, atın!”

  • 26:44

    Onlar iplərini və əsalarını yerə atıb: “Fironun qüdrətinə and olsun ki, biz qalib gələcəyik!”– dedilər.

  • 26:45

    Sonra Musa əsasını atdı və əsa onların düzəltdikləri şeyləri uddu.

  • 26:46

    Sehrbazlar səcdəyə qapandılar

  • 26:47

    və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə –

  • 26:48

    Musanın və Harunun Rəbbinə!”

  • 26:49

    Firon dedi: “Mən sizə izin verməmişdən əvvəl siz ona imanmı gətirdiniz? Şübhəsiz ki, o sizə sehr öyrədən böyüyünüzdür. Tezliklə biləcəksiniz! Mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirib hamınızı çarmıxa çəkdirəcəyəm”.

  • 26:50

    Onlar dedilər: “Zərər yox, biz onsuz da öz Rəbbimizə qayıdacağıq.

  • 26:51

    Biz Firon xalqı arasından ilk iman gətirənlər olduğumuza görə Rəbbimizdən günahlarımızı bağışlayacağını umuruq”.

  • 26:52

    Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx. Çünki siz təqib olunacaqsınız”– deyə vəhy etdik.

  • 26:53

    Firon şəhərlərə əsgər toplayanlar göndərdi.

  • 26:54

    O dedi: “Bunlar kiçik bir dəstədir.

  • 26:55

    Onlar bizi qəzəbləndirmişlər.

  • 26:56

    Biz hamımız ayıq-sayıq olmalıyıq”.

  • 26:57

    Biz onları (o zalım tayfanı) bağlardan və çeşmələrdən çıxartdıq;

  • 26:58

    xəzinələrdən və gözəl yerlərdən də qovduq.

  • 26:59

    Beləcə, Biz İsrail oğullarını o yerlərə varis etdik.

  • 26:60

    Günəş üfüqdən qalxarkən Firon öz əsgərləri ilə onları izləməyə başladılar.

  • 26:61

    İki dəstə bir-birini görüncə Musanın səhabələri: “Biz yaxalanacağıq!”– dedilər.

  • 26:62

    Musa dedi: “Xeyr, Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir!”

  • 26:63

    Biz Musaya: “Əsanla dənizə vur!”– deyə vəhy etdik. Dəniz dərhal yarıldı, on iki yol açıldı və hər biri nəhəng bir dağ kimi oldu.

  • 26:64

    O birilərini də ora yaxınlaşdırdıq.

  • 26:65

    Musa və onunla birlikdə olanların hamısını xilas etdik.

  • 26:66

    O birilərini isə suya qərq etdik.

  • 26:67

    Şübhəsiz ki, bu hekayətdə bir ibrət vardır. Lakin onların çoxu iman gətirmədi.

  • 26:68

    Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.

  • 26:69

    Onlara İbrahimin əhvalatını da oxu.

  • 26:70

    Bir zaman o öz atasına və tayfasına: “Nəyə ibadət edirsiniz?”– demişdi.

  • 26:71

    Onlar dedilər: “Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik”.

  • 26:72

    O dedi: “Onlara yalvardığınız zaman sizi eşidirlərmi?

  • 26:73

    Yaxud sizə xeyir və ya zərər verirlərmi?”

  • 26:74

    Onlar dedilər: “Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük”.

  • 26:75

    O dedi: “Siz nəyə ibadət etdiyinizi görürsünüzmü –

  • 26:76

    həm siz, həm də ulu babalarınız?

  • 26:77

    Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir.

  • 26:78

    O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir;

  • 26:79

    O Rəbb ki, məni yedirdir və içirdir;

  • 26:80

    O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir;

  • 26:81

    O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir;

  • 26:82

    O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram.

  • 26:83

    Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur!

  • 26:84

    Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yaxşı ad qismət elə!

  • 26:85

    Məni Nəim bağının varislərindən et!

  • 26:86

    Atamı bağışla! Çünki o, azanlardandır.

  • 26:87

    Onların dirildiləcəyi gün məni rüsvay etmə!

  • 26:88

    O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək.

  • 26:89

    Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!”

  • 26:90

    Cənnət müttəqilərə yaxınlaşdırılar.

  • 26:91

    Cəhənnəm də azğınlara göstərilər.

  • 26:92

    Onlara deyilər: “Hanı sizin sitayiş etdikləriniz –

  • 26:93

    Allahdan başqa pənah apardıqlarınız? Onlar sizə kömək edə bilərlərmi, yaxud özlərinə köməkləri dəyə bilərmi?”

  • 26:94

    Onlar azğınlarla birlikdə oraya (Cəhənnəmə) atılarlar,

  • 26:95

    İblisin bütün əsgərləri də habelə.

  • 26:96

    Onlar orada höcətləşərək deyərlər:

  • 26:97

    “Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik –

  • 26:98

    o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq.

  • 26:99

    Bizi ancaq günahkarlar azdırdı.

  • 26:100

    İndi isə bizim nə şəfaətçilərimiz,

  • 26:101

    nə də bizə canıyanan bir dostumuz var!

  • 26:102

    Bir də dünyaya qayıda bilsəydik, möminlərdən olardıq!”

  • 26:103

    Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.

  • 26:104

    Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.

  • 26:105

    Nuh tayfası da elçiləri yalançı saydı.

  • 26:106

    O vaxt qardaşları Nuh onlara dedi: “Məgər qorxmursunuz?

  • 26:107

    Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm.

  • 26:108

    Allahdan qorxun və mənə itaət edin.

  • 26:109

    Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.

  • 26:110

    Allahdan qorxun və mənə itaət edin!”

  • 26:111

    Onlar dedilər: “Sənə ən rəzil adamlar tabe olduğu halda biz sənə inanarıqmı?”

  • 26:112

    Nuh dedi: “Mən onların nə etdiklərini bilmirəm!

  • 26:113

    Onların haqq-hesabı yalnız Rəbbimə aiddir. Kaş başa düşəydiniz!

  • 26:114

    Mən iman gətirənləri qovan deyiləm.

  • 26:115

    Mən yalnız açıq-aşkar bir qorxudanam”.

  • 26:116

    Onlar dedilər: “Ey Nuh! Əgər dəvətinə son qoymasan, mütləq daşqalaq ediləcəksən”.

  • 26:117

    Nuh dedi: “Ey Rəbbim! Qövmüm məni yalançı hesab etdi.

  • 26:118

    Mənimlə onların arasında qəti hökm ver, məni və mənimlə birlikdə olan möminləri əzabdan qurtar!”

  • 26:119

    Biz onu və onunla birlikdə olanları yüklü gəmidə xilas etdik.

  • 26:120

    Yerdə qalanları isə suya qərq etdik.

  • 26:121

    Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.

  • 26:122

    Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.

  • 26:123

    Ad tayfası da elçiləri yalançı saydı.

  • 26:124

    O vaxt qardaşları Hud onlara dedi: “Məgər qorxmursunuz?

  • 26:125

    Həqiqətən, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm.

  • 26:126

    Allahdan qorxun və mənə itaət edin!

  • 26:127

    Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.

  • 26:128

    Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurursunuz (hündür binalarmı tikirsiniz)?

  • 26:129

    Sanki əbədi qalacaqsınız deyə qalalarmı tikirsiniz?

  • 26:130

    Bir kəsi yaxaladığınız zaman qəddar hökmdar kimi yaxalayırsınızmı?

  • 26:131

    Allahdan qorxun və mənə itaət edin!

  • 26:132

    Bildiyiniz nemətləri sizə verəndən qorxun.

  • 26:133

    O sizə heyvanat və oğul-uşaq verdi,

  • 26:134

    üstəlik bağlar və çeşmələr də əta etdi.

  • 26:135

    Mən sizə üz verəcək böyük günün əzabından qorxuram”.

  • 26:136

    Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün birdir.

  • 26:137

    Bu, yalnız və yalnız əvvəlkilərin adətidir.

  • 26:138

    Biz əzaba düçar olan da deyilik”.

  • 26:139

    Onlar onu yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.

  • 26:140

    Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.

  • 26:141

    Səmud tayfası da elçiləri yalançı saydı.

  • 26:142

    O vaxt qardaşları Saleh onlara dedi: “Məgər qorxmursunuz?

  • 26:143

    Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm.

  • 26:144

    Allahdan qorxun və mənə itaət edin.

  • 26:145

    Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.

  • 26:146

    Məgər siz burada olanların içində sərbəst buraxılacaqsınız?

  • 26:147

    Bağlar və bulaqlar içində,

  • 26:148

    əkinlər və yumşaq meyvəli xurmalıqlar içində arxayınlıqla qalacaqsınız?

  • 26:149

    Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz?

  • 26:150

    Allahdan qorxun və mənə itaət edin!

  • 26:151

    Həddi aşanların əmrinə tabe olmayın.

  • 26:152

    Onlar yer üzündə fəsad törədir və özlərini günahdan təmizləmirlər”.

  • 26:153

    Onlar dedilər: “Sən yalnız və yalnız sehrlənmişlərdənsən.

  • 26:154

    Sən də bizim kimi ancaq bir insansan. Əgər doğru danışanlardansansa, bizə bir möcüzə göstər”.

  • 26:155

    Saleh dedi: “Möcüzə bu dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. (Bir gün o, su içməli, bir gün də siz içməlisiniz).

  • 26:156

    Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar”.

  • 26:157

    Onlar dəvənin diz vətərini kəsdilər, sonra da peşman oldular.

  • 26:158

    Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.

  • 26:159

    Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.

  • 26:160

    Lut tayfası da elçiləri yalançı saydı.

  • 26:161

    O vaxt qardaşları Lut onlara dedi: “Məgər qorxmursunuz?

  • 26:162

    Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm.

  • 26:163

    Allahdan qorxun və mənə itaət edin!

  • 26:164

    Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.

  • 26:165

    Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir

  • 26:166

    və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan adamlarsınız”.

  • 26:167

    Onlar dedilər: “Ey Lut! Əgər təbliğatına son qoymasan, mütləq qovulanlardan olacaqsan!”

  • 26:168

    O dedi: “Mən sizin əməllərinizə nifrət edənlərdənəm.

  • 26:169

    Ey Rəbbim! Məni və ailəmi onların tutduqları işdən xilas et!”

  • 26:170

    Biz onu və onun bütün ailəsini xilas etdik.

  • 26:171

    Geridə qalanlar arasındakı yaşlı qadından başqa.

  • 26:172

    Sonra da o birilərini darmadağın etdik.

  • 26:173

    Biz onların üstünə daşlardan yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman imiş!

  • 26:174

    Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.

  • 26:175

    Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.

  • 26:176

    Əykə əhli də elçiləri yalançı saydı.

  • 26:177

    O vaxt Şueyb onlara dedi: “Məgər qorxmursunuz?

  • 26:178

    Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm.

  • 26:179

    Allahdan qorxun və mənə itaət edin!

  • 26:180

    Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.

  • 26:181

    Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın.

  • 26:182

    Düz tərəzi ilə çəkin.

  • 26:183

    İnsanların əşyalarını əksik verməyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin.

  • 26:184

    Sizi və əvvəlki nəsilləri Yaradandan qorxun!”

  • 26:185

    Onlar dedilər: “Sən yalnız və yalnız sehrlənmişlərdənsən.

  • 26:186

    Sən də bizim kimi ancaq bir insansan. Biz səni yalançılardan biri hesab edirik.

  • 26:187

    Əgər doğru danışanlardansansa, göyün bir parçasını üstümüzə endir”.

  • 26:188

    Şueyb dedi: “Rəbbim sizin nələr etdiyinizi daha yaxşı bilir”.

  • 26:189

    Onlar isə onu yalançı saydılar və buna görə də kölgəli günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi.

  • 26:190

    Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.

  • 26:191

    Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.

  • 26:192

    Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir.

  • 26:193

    Onu sadiq Ruh (Cəbrail) endirdi –

  • 26:194

    sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan.

  • 26:195

    Bu Quran açıq-aydın ərəb dilində nazil edildi.

  • 26:196

    Şübhəsiz ki, o, keçmiş ümmətlərin kitablarında da xatırlanır.

  • 26:197

    Məgər İsrail oğullarından olan alimlərin onu bilmələri bunlar üçün bir dəlil deyilmi?

  • 26:198

    Əgər Biz onu ərəb olmayanlardan birinə nazil etsəydik,

  • 26:199

    və o, bunu onlara oxusaydı, yenə də ona iman gətirməzdilər.

  • 26:200

    Biz küfrü günahkarların qəlbinə belə salarıq.

  • 26:201

    Onlar ağrılı-acılı əzabı görməyənədək ona inanmazlar.

  • 26:202

    O əzab onlara özləri də hiss etmədən qəflətən gələcəkdir.

  • 26:203

    Onlar deyəcəklər: “Bizə möhlət veriləcəkmi?”

  • 26:204

    Yenədəmi əzabımızın tez gəlməsini istəyirlər?

  • 26:205

    Bilirsənmi, əgər onlara illərcə firavanlıq nəsib etsək,

  • 26:206

    sonra vəd olunduqları əzab onlara yetişsə,

  • 26:207

    onlara nəsib olmuş firavanlıq əzabımızı onlardan dəf edə bilməz.

  • 26:208

    Biz heç bir kəndi onu xəbərdar edənlər olmadan məhv etmədik.

  • 26:209

    Xəbərdar edənləri də öyüd-nəsihət vermək üçün göndərdik. Biz əsla zalım olmamışıq!

  • 26:210

    Quranı şeytanlar endirmədi.

  • 26:211

    Onlar buna layiq deyildirlər və bunu bacara da bilməzlər.

  • 26:212

    Çünki onlar vəhyə qulaq asmaqdan kənar edilmişdilər.

  • 26:213

    Odur ki, Allahla yanaşı başqa bir məbuda ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan.

  • 26:214

    Ən yaxın qohumlarını qorxut!

  • 26:215

    Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol)!

  • 26:216

    Əgər onlar sənə asi olsalar, de: “Şübhəsiz ki, mən sizin etdiyiniz əməllərdən uzağam!”

  • 26:217

    Qüdrətli və Rəhmli olana təvəkkül et!

  • 26:218

    O səni namaza duranda da görür,

  • 26:219

    səcdə edənlər içində hərəkət edəndə də.

  • 26:220

    Həqiqətən də, O, Eşidəndir, Biləndir!

  • 26:221

    Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?

  • 26:222

    Onlar hər bir yalançıya və günahkara nazil olarlar.

  • 26:223

    Şeytanlar vəhydən eşitdiklərini kahinlərə təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır!

  • 26:224

    Şairlərə gəldikdə isə, onlara ancaq azğınlar uyar.

  • 26:225

    Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gəzir (hər mövzuda şer uydurur)

  • 26:226

    və etmədikləri şeylərə aid söhbət açırlar?

  • 26:227

    Təkcə iman sahibi olub xeyirxah əməllər edən, Allahı tez-tez yada salan və haqsızlığa məruz qaldıqdan sonra dini müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər.

Paylaş
Tweet'le