32 SECDE

  • 32:1

    Əlif. Ləm. Mim.

  • 32:2

    Şübhə yoxdur ki, bu Kitabı aləmlərin Rəbbi olan Allah nazil etmişdir.

  • 32:3

    Yoxsa onlar: “Bunu özündən uydurmuşdur!”– deyirlər. Xeyr, o, Rəbbindən nazil olan bir haqdır ki, səndən öncə xəbərdar edən peyğəmbər gəlməmiş hər hansı bir xalqı xəbərdar edəsən. Bəlkə də, onlar doğru yola yönələlər.

  • 32:4

    Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır. Məgər düşünərək ibrət götürməyəcəksiniz?

  • 32:5

    O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra da bu işlər sizin saydığınız illərdən min ilə bərabər olan bir gündə Ona doğru yüksəlir.

  • 32:6

    Qeybi və aşkarı Bilən, Qüdrətli və Rəhmli olan Odur.

  • 32:7

    Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmiş,

  • 32:8

    sonra onun nəslini bir damla dəyərsiz sudan əmələ gətirmiş,

  • 32:9

    sonra onu düzəldib müəyyən şəklə salmış və ona Öz ruhundan üfürmüş, sizə qulaqlar, gözlər və ürək vermişdir. Siz necə də az şükür edirsiniz!

  • 32:10

    Onlar deyirlər: “Biz torpağın içində yox olandan sonra yenidənmi yaradılacağıq?” Doğrusu, onlar öz Rəbbi ilə qarşılaşacaqlarını inkar edirlər.

  • 32:11

    De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!”

  • 32:12

    Kaş ki, günahkarları öz Rəbbi qarşısında başlarını aşağı dikərək: “Ey Rəbbimiz! Biz gördük və eşitdik. Bizi geri qaytar ki, yaxşı işlər görək. Həqiqətən də, biz qətiyyətlə inandıq!”– deyəndə görəydin!

  • 32:13

    Əgər Biz istəsəydik, hər kəsi doğru yola yönəldərdik. Lakin Mənim: “Cəhənnəmi mütləq bütün günahkar cin və insanlarla dolduracağam!” Sözüm yerinə yetəcək.

  • 32:14

    Bu gününüzlə qarşılaşacağınızı unutduğunuza görə dadın əzabı! Doğrusu, Biz də sizi unutduq. Etdiyiniz əməllərə görə dadın əbədi əzabı!

  • 32:15

    Ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, ayələrimiz onlara xatırlanarkən təkəbbür göstərmədən səcdəyə qapanır, Rəbbinə həmd-səna ilə təriflər deyirlər.

  • 32:16

    Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər.

  • 32:17

    Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir.

  • 32:18

    Məgər möminlə fasiq eynidirmi? Onlar eyni ola bilməzlər!

  • 32:19

    İman gətirib əməlisaleh olanları etdikləri əməllərə görə Məva bağlarında əbədi ziyafət gözləyir.

  • 32:20

    Fasiqlərə gəldikdə isə, onların sığınacağı yer od olacaqdır. Hər dəfə onlar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onlara: “Yalan saydığınız odun əzabını dadın!”– deyiləcəkdir.

  • 32:21

    Ən böyük əzabdan əvvəl Biz onlara mütləq kiçik əzabdan (dünya əzabından) daddıracağıq ki, bəlkə doğru yola qayıtsınlar.

  • 32:22

    Rəbbinin ayələri yadına salındıqdan sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər? Şübhəsiz ki, Biz günahkarlardan intiqam alacağıq.

  • 32:23

    Biz Musaya Kitab vermişdik. Sən onunla görüşəcəyinə şübhə etmə. Biz onu İsrail oğullarına doğru yol göstərən rəhbər etmişdik.

  • 32:24

    Səbir etdiklərinə və ayələrimizə yəqinliklə inandıqlarına görə Biz əmrimizlə onlardan doğru yolu göstərən rəhbərlər təyin etmişdik.

  • 32:25

    Həqiqətən, sənin Rəbbin ixtilafda olduqları məsələlər barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir.

  • 32:26

    Yurdlarında gəzib-dolaşdıqları əvvəlki neçə-neçə nəsilləri məhv etməyimiz onları doğru yola gətirmədimi? Həqiqətən, bunda ibrətlər vardır. Məgər onlar qulaq asmırlar?

  • 32:27

    Məgər onlar quru yerə su axıdıb onunla həm heyvanlarının, həm də özlərinin yedikləri nemətlər yetişdirdiyimizi görmürlər? Hələ də bunu görmürlər?

  • 32:28

    Onlar: “Əgər doğru danışanlardansınızsa, deyin görək bu hökm nə vaxt olacaqdır?”– deyirlər.

  • 32:29

    De: “Hökm günü kafirlərə imanları fayda verməyəcək və onlara möhlət də verilməyəcəkdir”.

  • 32:30

    Artıq onlardan üz çevir və gözlə. Doğrusu, onlar da gözləyirlər.

Paylaş
Tweet'le