36 YA-SİN

  • 36:1

    Ya. Sin.

  • 36:2

    And olsun hikmətli Qurana!

  • 36:3

    Həqiqətən, sən göndərilmiş elçilərdənsən,

  • 36:4

    doğru yoldasan.

  • 36:5

    Bu Quran Qüdrətli və Rəhmli Allah tərəfindən nazil edilmişdir ki,

  • 36:6

    ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir tayfanı xəbərdar edəsən.

  • 36:7

    Onların əksəriyyəti barəsindəki söz gerçəkləşdi. Çünki onlar iman gətirmədilər.

  • 36:8

    Həqiqətən, Biz onların boyunlarına, çənələrinə dirənmiş zəncirlər keçirtmişik. Odur ki, başları təkəbbürlə yuxarı qalxmışdır.

  • 36:9

    Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar haqqı görmürlər.

  • 36:10

    Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməyəcəklər.

  • 36:11

    Sən ancaq Zikrə tabe olub Mərhəmətli Allahı görmədən Ondan çəkinən şəxsi qorxuda bilərsən. Beləsini bağışlanma və çox gözəl bir mükafatla müjdələ.

  • 36:12

    Həqiqətən, ölüləri dirildən, onların bu dünyada törətdiklərini və tərk etdiklərini yazan Bizik. Biz hər şeyi açıq-aydın Yazıda (Lövhi-məhfuzda) qeydə almışıq.

  • 36:13

    Sən onlara o zaman elçilər gəlmiş şəhər sakinlərini misal çək.

  • 36:14

    O zaman onlara iki nəfər elçi göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də elçilərimizi üçüncüsü ilə qüvvətləndirdik. Elçilər: “Həqiqətən, biz sizə göndərilmiş elçilərik”– dedilər.

  • 36:15

    Onlar dedilər: “Siz də bizim kimi sadəcə bir insansınız. Mərhəmətli Allah sizə heç bir şey nazil etməmişdir. Siz ancaq yalan danışırsınız”.

  • 36:16

    Elçilər dedilər: “Rəbbimiz bilir ki, biz, həqiqətən də, sizə göndərilmiş elçilərik.

  • 36:17

    Bizim vəzifəmiz ancaq vəhy olunanı aşkar təbliğ etməkdir”.

  • 36:18

    Onlar dedilər: “Biz sizdə bəd əlamət gördük. Əgər dəvətinizə son qoymasanız, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq ağrılı-acılı bir əzab toxunacaqdır”.

  • 36:19

    Elçilər dedilər: “Sizin uğursuzluğunuz öz ucbatınızdandır. Məgər sizə edilən öyüd-nəsihəti bəd əlamət sayırsınız? Doğrusu, siz həddi aşmış bir millətsiniz”.

  • 36:20

    Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ay camaat! Elçilərin ardınca gedin!

  • 36:21

    Sizdən heç bir mükafat istəməyən, özləri də doğru yolda olan şəxslərin ardınca gedin!

  • 36:22

    Mənə nə olub ki, məni yaradana və hüzuruna qaytarılacağınız Allaha ibadət etməyim?

  • 36:23

    Mən heç Ondan başqa məbudlar qəbul edərəmmi? Əgər Mərhəmətli Allah mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər.

  • 36:24

    Bax onda mən açıq-aydın azğınlığa düşmüş olaram.

  • 36:25

    Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Mənə qulaq asın!”

  • 36:26

    Şəhərin sakinləri bu kişini öldürdükdən sonra ona: “Cənnətə daxil ol!”– deyildi. O dedi: “Kaş xalqım biləydi ki,

  • 36:27

    Rəbbim məni bağışladı və məni hörmətli adamlardan etdi”.

  • 36:28

    Biz ondan sonra xalqının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik.

  • 36:29

    Onları məhv edən ancaq dəhşətli bir səs oldu. Onlar birdən sönüb getdilər.

  • 36:30

    Vay bu qulların halına! Onlara elə bir elçi gəlməyib ki, ona istehza etməsinlər.

  • 36:31

    Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və onların bir daha geriyə – bunların yanına qayıtmadığını görmürlərmi?

  • 36:32

    Hamısı bir yerdə Bizim hüzurumuza gətiriləcəklər.

  • 36:33

    Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu yağışla dirildir, oradan taxıl çıxardırıq, onlar da ondan yeyirlər.

  • 36:34

    Biz orada xurma bağları və üzümlüklər yaratdıq, bulaqlar qaynadıb çıxartdıq ki,

  • 36:35

    onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər. Bəs onlar şükür etməyəcəklərmi?

  • 36:36

    Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan Allah pakdır, müqəddəsdir.

  • 36:37

    Gecə də onlar üçün bir dəlildir. Biz gündüzü ondan ayırıb çıxaran kimi onlar zülmət içində qalırlar.

  • 36:38

    Günəş də özünün qaldığı yerə axıb gedir. Bu, Qüdrətli, Bilən Allahın əzəli hökmüdür.

  • 36:39

    Ay üçün də mənzillər müəyyən etmişik. Nəhayət, o tədricən dönüb xurma ağacının qurumuş budağı kimi əyri olur.

  • 36:40

    Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri öz orbiti ilə üzüb gedir.

  • 36:41

    Onların nəslini yüklü gəmidə daşımağımız da onlar üçün bir dəlildir.

  • 36:42

    Biz onlar üçün buna bənzər daha neçə-neçə minik vasitələri yaratdıq.

  • 36:43

    Əgər istəsək, onları suya qərq edərik. Onda nə onların imdadına çatan olar, nə də onlar xilas ola bilərlər.

  • 36:44

    Yalnız Bizim onlara rəhm etməyimiz və onlara, müəyyən edilmiş vaxtadək, gün-güzəran nəsib etməyimiz istisnadır.

  • 36:45

    Onlara: “Önünüzdə olan və arxanızca gələndən (dünyada və axirətdə olan əzabdan) qorxun ki, bəlkə sizə rəhm oluna!”– deyildikdə üz çevirirlər.

  • 36:46

    Onlara öz Rəbbinin ayələrindən elə bir ayə gəlmir ki, ondan üz döndərməsinlər.

  • 36:47

    Onlara: “Allahın sizə verdiyi ruzidən sərf edin!”– deyildikdə, kafirlər möminlərə deyirlər: “Allahın istədiyi təqdirdə yedirdəcəyi kimsəni bizmi yedirdəcəyik? Siz ancaq açıq-aydın azğınlıq içindəsiniz”.

  • 36:48

    Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”– deyə soruşurlar.

  • 36:49

    Onlar sadəcə olaraq, bir-birləri ilə höcətləşərkən özlərini yaxalayacaq bir tükürpədici səsi gözləyirlər.

  • 36:50

    Onlar nə bir vəsiyyət etməyə qadir olacaq, nə də ailələrinin yanına qayıda biləcəklər.

  • 36:51

    Sur ikinci dəfə üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf axışacaqlar.

  • 36:52

    Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Mərhəmətli Allahın vəd etdiyi qiyamətdir. Elçilər doğru deyirlərmiş”.

  • 36:53

    Bircə dəhşətli səs qopan kimi onların hamısı hüzurumuza gətiriləcəklər.

  • 36:54

    Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Sizə ancaq etdiyiniz əməllərin əvəzi veriləcəkdir.

  • 36:55

    Həqiqətən də Cənnət əhli həmin gün nemətlər işində kef çəkəcək.

  • 36:56

    Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər.

  • 36:57

    Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır.

  • 36:58

    Üstəlik Rəhmli Rəbb onlara: “Salam” deyəcək.

  • 36:59

    “Bu gün möminlərdən ayrılın, ey günahkarlar!

  • 36:60

    Ey Adəm övladları! Məgər Mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aydın düşməninizdir,

  • 36:61

    Mənə ibadət edin? Doğru yol budur!

  • 36:62

    Artıq şeytan içərinizdən bir çoxlarını yoldan çıxartmışdır. Məgər dərk etmirdiniz?

  • 36:63

    Bu sizə vəd edilmiş Cəhənnəmdir.

  • 36:64

    Kafir olduğunuza görə bu gün orada yanın!”

  • 36:65

    Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları günahlar barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər.

  • 36:66

    Əgər istəsəydik, onların gözlərini kor edərdik və onda onlar düz yolla getməyə çalışardılar. Amma necə görə bilərdilər?

  • 36:67

    Əgər istəsəydik, onları yerlərindəcə elə eybəcər hala salardıq ki, nə irəli gedə, nə də geri qayıda bilərdilər.

  • 36:68

    Kimə uzun ömür veririksə, onu xilqətcə tərsinə çeviririk. Məgər başa düşmürlər?

  • 36:69

    Biz ona (Muhəmmədə) şer öyrətmədik, bu ona heç yaraşmaz da. Bu ancaq öyüd-nəsihət və aydın Qurandır ki,

  • 36:70

    diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin.

  • 36:71

    Məgər onlar görmürlər ki, Biz onlardan ötrü sahib olduqları mal-qaranı Öz əllərimizlə yaratmışıq?

  • 36:72

    Yaratdıqlarımızı öz istifadələrinə verdik ki, bəzilərindən minik kimi yararlansınlar və bəzilərini də yesinlər.

  • 36:73

    Bunlarda onlar üçün başqa mənfəətlər və içiləcək süd də vardır. Yenə də şükür etməyəcəklərmi?

  • 36:74

    Bir çarə tapmaları üçün müşriklər Allahdan başqa məbudlar qəbul etdilər.

  • 36:75

    Amma məbudlar onlara heç bir kömək edə bilməzlər. Hərçənd ki, onlar bunlar üçün hazır durmuş əsgərlərdir.

  • 36:76

    Onların sözü səni kədərləndirməsin. Şübhəsiz ki, Biz onların nəyi gizli saxladıqlarını və nəyi aşkar etdiklərini bilirik.

  • 36:77

    Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir.

  • 36:78

    O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?”

  • 36:79

    De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir.

  • 36:80

    O sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız”.

  • 36:81

    Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?! Şübhəsiz ki, O, Yaradandır, Biləndir.

  • 36:82

    Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da olar.

  • 36:83

    Əlində hər şeyin hökmü Olan Allah pak və müqəddəsdir. Siz ancaq Onun hüzuruna qaytarılacaqsınız.

Paylaş
Tweet'le