37 SAFFAT

  • 37:1

    And olsun göylərdə və yerdə səf-səf duranlara,

  • 37:2

    imansızları qətiyyətlə qovanlara

  • 37:3

    və Zikri oxuyanlara!

  • 37:4

    Həqiqətən, sizin məbudunuz Təkdir!

  • 37:5

    O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriqlərin Rəbbidir.

  • 37:6

    Biz dünya səmasını parlaq ulduzlarla bəzədik

  • 37:7

    və onu hər bir asi şeytandan mühafizə etdik.

  • 37:8

    Onlar artıq ali topluma (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə yandırıb yaxan alovlar yağdırılar

  • 37:9

    və oradan qovularlar. Onları uzun sürəcək bir əzab gözləyir.

  • 37:10

    Lakin şeytanlardan hər kim o söhbətlərdən bir söz qapıb qaçarsa, onu yandırıb-yaxan parlaq bir alov təqib edər.

  • 37:11

    Kafirlərdən soruş ki, onları yaratmaq çətindir, yoxsa Bizim başqa yaratdıqlarımızı? Biz ki onları yapışqan kimi palçıqdan yaratdıq.

  • 37:12

    Sən onlara təəccüb edirsən, onlar isə səni ələ salırlar.

  • 37:13

    Onlara xatırlatdıqda düşünüb ibrət almırlar.

  • 37:14

    Bir möcüzə gördükdə isə ona istehza edir

  • 37:15

    və deyirlər: “Bu ancaq gözlə görülən bir sehrdir.

  • 37:16

    Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildikdən sonra dirildiləcəyikmi?

  • 37:17

    Ya da atalarımızmı dirildiləcəklər?”

  • 37:18

    De: “Bəli, özü də, zəlil günə qalmış olduğunuz halda dirildiləcəksiniz”.

  • 37:19

    Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən dirilib görməyə başlayacaqlar.

  • 37:20

    Günahkarlar deyəcəklər: “Vay halımıza! Bu ki, Haqq-hesab günüdür!”

  • 37:21

    Onlara deyiləcək: “Bu, yalan saydığınız Fərqləndirmə günüdür!”

  • 37:22

    Mələklərə belə əmr olunacaq: “Toplayın bir yerə zalımları, onların yoldaşlarını və ibadət etdiklərini –

  • 37:23

    Allahdan başqa. Onları Cəhənnəm yoluna yönəldin.

  • 37:24

    Onları dayandırın, çünki onlar sorğu-sual olunacaqlar”.

  • 37:25

    Günahkarlara deyiləcək: “Sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz?”

  • 37:26

    Bəli, onlar bu gün baş əyəcəklər!

  • 37:27

    Onlar bir-birinə üz tutub soruşacaqlar.

  • 37:28

    Tabe olanlar deyəcəklər: “Siz bizim yanımıza sağ tərəfdən gəlirdiniz”.

  • 37:29

    Başçılar deyəcəklər: “Xeyr! Siz inanan adamlar deyildiniz.

  • 37:30

    Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz həddi aşmış adamlar idiniz.

  • 37:31

    Rəbbimizin Sözü bizim barəmizdə həqiqətə çevrildi. Biz əzabı hökmən dadacağıq.

  • 37:32

    Biz sizi azdırdıq. Çünki biz özümüz də azmış adamlar idik”.

  • 37:33

    Şübhəsiz ki, həmin gün onlar əzaba şərik olacaqlar.

  • 37:34

    Həqiqətən, Biz günahkarlarla belə rəftar edəcəyik.

  • 37:35

    Çünki onlara: “Allahdan başqa ibadətə layiq olan məbud yoxdur!”– deyildikdə təkəbbür göstərir

  • 37:36

    və deyirdilər: “Məgər bir məcnun şairə görə məbudlarımızı tərk edəcəyik?”

  • 37:37

    Xeyr! O, haqqı gətirdi və əvvəlki peyğəmbərləri təsdiqlədi.

  • 37:38

    Siz mütləq ağrılı-acılı əzabı dadacaqsınız.

  • 37:39

    Siz ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız.

  • 37:40

    Lakin Allahın seçilmiş ixlaslı qulları müstəsnadırlar.

  • 37:41

    Məhz onlar üçün müəyyən bir ruzi vardır –

  • 37:42

    Cənnət meyvələri. Onlara ehtiram göstəriləcəkdir –

  • 37:43

    Nəim bağlarında.

  • 37:44

    Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz oturacaqlar.

  • 37:45

    Onlar üçün çeşmə şərabı ilə dolu piyalələr dolandırılacaqdır.

  • 37:46

    Özü də ağappaq, içənlərə ləzzət verən bir şərab.

  • 37:47

    O şərab nə baş ağrısı verər, nə də ondan məst olarlar.

  • 37:48

    Onların yanında baxışları öz ərlərinə dikilmiş iri qaragözlü hurilər olacaqdır.

  • 37:49

    Özü də qorunub saxlanılmış yumurta kimi hurilər.

  • 37:50

    Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar.

  • 37:51

    Onlardan biri deyəcək: “Mənim bir yoldaşım var idi.

  • 37:52

    O deyirdi: “Sən də inananlardansan?

  • 37:53

    Məgər biz öldükdən, torpağa çevrilib sür-sümük olduqdan sonra haqq-hesaba çəkilib cəzalandırılacağıq?”

  • 37:54

    O sözünə davam edib deyəcək: “Siz onun harada olduğunu görmək istəyirsinizmi?”

  • 37:55

    O özü baxıb yoldaşını Cəhənnəmin ortasında görəcək

  • 37:56

    və deyəcəkdir: “Allaha and olsun ki, sən məni də məhv edəcəkdin.

  • 37:57

    Əgər Rəbbimin lütfü olmasaydı, mən də Cəhənnəmə gətirilənlərdən olardım.

  • 37:58

    Doğrudanmı biz bir daha ölməyəcəyik –

  • 37:59

    ilk ölümümüzdən başqa? Doğrudanmı biz heç vaxt əzaba düçar olmayacağıq?”

  • 37:60

    Həqiqətən, bu, böyük uğurdur.

  • 37:61

    Qoy çalışanlar bunun üçün çalışsınlar!

  • 37:62

    Ziyafət üçün bu yaxşıdır, yoxsa zəqqum ağacı?

  • 37:63

    Biz onu zalımlar üçün bir sınaq etdik.

  • 37:64

    O, Cəhənnəmin lap dibindən bitib çıxan bir ağacdır.

  • 37:65

    Onun meyvəsi şeytanların başları kimidir.

  • 37:66

    Günahkarlar ondan yeyib qarınlarını dolduracaqlar.

  • 37:67

    Sonra da üstündən onları qaynar su ilə qatışdırılmış bir içki gözləyir.

  • 37:68

    Sonra onlar mütləq Cəhənnəmə qaytarılacaqlar.

  • 37:69

    Həqiqətən, onlar ata-babalarını azmış gördülər,

  • 37:70

    özləri də tez-tələsik onların izini tutub getdilər.

  • 37:71

    Həqiqətən, onlardan öncə əvvəlki nəsillərin çoxu zəlalətə düşmüşdü.

  • 37:72

    Biz onlara xəbərdar edən peyğəmbərlər göndərmişdik.

  • 37:73

    Bax gör xəbərdar edilənlərin aqibəti necə oldu.

  • 37:74

    Yalnız Allahın seçilmiş səmimi qullarından başqa.

  • 37:75

    Nuh Bizə yalvarıb yaxardı. Biz çağırışa necə də gözəl cavab verənik!

  • 37:76

    Biz onu və ailəsini böyük sıxıntıdan qurtardıq.

  • 37:77

    Təkcə onun nəslini qoruyub saxladıq.

  • 37:78

    Sonra gələnlər arasında onun üçün gözəl xatirə qoyduq;

  • 37:79

    aləmlər içərisində Nuha salam olsun!

  • 37:80

    Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

  • 37:81

    Həqiqətən, o Bizim mömin qullarımızdandır.

  • 37:82

    Sonra o birilərini suya qərq etdik.

  • 37:83

    Həqiqətən, İbrahim onun ardıcıllarından idi.

  • 37:84

    Bir zaman o, öz Rəbbinin yanına pak bir qəlblə gəldi.

  • 37:85

    Onda o, öz atasına və qövmünə dedi: “Siz nəyə sitayiş edirsiniz?

  • 37:86

    Allahı qoyub uydurma məbudlarımı diləyirsiniz?

  • 37:87

    Aləmlərin Rəbbi barəsində nə düşünürsünüz?”

  • 37:88

    O, ulduzlara bir nəzər salaraq

  • 37:89

    “Mən xəstəyəm!”– dedi.

  • 37:90

    Onlar ondan üz çevirib çıxıb getdilər.

  • 37:91

    O, xəlvətcə onların məbudlarının yanına gəlib istehza ilə dedi: “Siz bu təamları yemirsiniz?

  • 37:92

    Sizə nə olub ki, danışmırsınız?”

  • 37:93

    Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi.

  • 37:94

    Bütpərəstlər tələsik onun yanına gəldilər.

  • 37:95

    O dedi: “Siz yonub düzəltdiklərinizəmi sitayiş edirsiniz?

  • 37:96

    Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”.

  • 37:97

    Onlar dedilər: “Bundan ötrü bir bina tikin və onu orada odlayın!”

  • 37:98

    Onlar İbrahimə hiylə qurmaq istədilər, Biz də onları rüsvay etdik.

  • 37:99

    O dedi: “Mən Rəbbimə doğru gedirəm. O məni doğru yola yönəldəcəkdir”.

  • 37:100

    O dedi: “Ey Rəbbim! Mənə əməlisalehlərdən olan övlad bəxş et!”

  • 37:101

    Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik.

  • 37:102

    O, böyüyüb atası ilə bərabər çalışmaq həddinə çatdıqda İbrahim dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir. Allah qoysa mənim səbirlilərdən olduğumu görəcəksən”.

  • 37:103

    Hər ikisi Allahın əmrinə tabe olduqları və İbrahim onu üzüstə yerə yıxdığı zaman

  • 37:104

    Biz onu çağırıb dedik: “Ey İbrahim!

  • 37:105

    Artıq sən yuxunu təsdiq etdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

  • 37:106

    Həqiqətən də bu, açıq-aydın bir imtahandır.

  • 37:107

    Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik.

  • 37:108

    Sonradan gələnlər arasında ona gözəl xatirə qoyduq.

  • 37:109

    İbrahimə salam olsun!

  • 37:110

    Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

  • 37:111

    Həqiqətən, o, Bizim mömin qullarımızdandır.

  • 37:112

    Ona əməlisalehlərdən olacaq bir peyğəmbər – İshaq ilə müjdə verdik.

  • 37:113

    Biz ona və İshaqa bərəkət verdik. Hər ikisinin nəslində yaxşı iş görənləri də var, açıq-aydın özünə zülm edənləri də.

  • 37:114

    Biz Musa ilə Haruna da nemət bəxş etdik.

  • 37:115

    Onların hər ikisini və tayfalarını böyük sıxıntıdan qurtardıq.

  • 37:116

    Onlara kömək göstərdik və qalib gəldilər.

  • 37:117

    Hər ikisinə aydın bir Kitab verdik.

  • 37:118

    Hər ikisini də doğru yola yönəltdik.

  • 37:119

    Sonradan gələnlər arasında hər ikisinə gözəl xatirə qoyduq.

  • 37:120

    Musaya və Haruna salam olsun!

  • 37:121

    Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

  • 37:122

    Həqiqətən, onların ikisi də Bizim mömin qullarımızdandır.

  • 37:123

    Şübhəsiz ki, İlyas da elçilərdəndir.

  • 37:124

    Bir zaman o öz qövmünə demişdi: “Məgər qorxmursunuz?

  • 37:125

    Siz yaradanların ən yaxşısını qoyub niyə Bələ yalvarırsınız –

  • 37:126

    həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbi olan Allahımı tərk edirsiniz?”

  • 37:127

    Onlar onu yalançı saydılar. Ona görə də hamısı Cəhənnəmə gətiriləcəkdir.

  • 37:128

    Yalnız Allahın seçilmiş səmimi qullarından başqa.

  • 37:129

    Sonradan gələnlər arasında ona gözəl xatirə qoyduq.

  • 37:130

    İlyasinə salam olsun!

  • 37:131

    Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

  • 37:132

    Həqiqətən, o Bizim mömin qullarımızdandır.

  • 37:133

    Şübhəsiz ki, Lut da elçilərdəndir.

  • 37:134

    Bir zaman Biz onu və bütün ailəsini xilas etdik.

  • 37:135

    Yalnız geridə qalanların içində olan yaşlı bir qadından başqa.

  • 37:136

    Sonra da o birilərini yerli-dibli yox etdik.

  • 37:137

    Siz həm səhər çağı onların yanından keçirsiniz,

  • 37:138

    həm də axşam çağı. Məgər anlamırsınız?

  • 37:139

    Yunus da, həqiqətən, elçilərdəndir.

  • 37:140

    Bir zaman o, yüklü bir gəmiyə tərəf qaçdı.

  • 37:141

    Başqaları ilə birlikdə püşk atdı və uduzanlardan oldu.

  • 37:142

    O, qınanmağa layiq olduqda balıq onu uddu.

  • 37:143

    Əgər o, Allaha tərif deyənlərdən olmasaydı,

  • 37:144

    balığın qarnında Qiyamət gününə qədər qalardı.

  • 37:145

    O, halsız olduğu vəziyyətdə onu sahilə çıxartdıq.

  • 37:146

    Onun başı üstündə balqabaq tağı bitirdik.

  • 37:147

    Biz onu yüz mindən də daha çox adama peyğəmbər göndərdik.

  • 37:148

    Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik.

  • 37:149

    Kafirlərdən soruş: “Nəyə görə qızlar sənin Rəbbinin, oğlanlar isə onların olmalıdır?”

  • 37:150

    Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da buna şahid olublar?

  • 37:151

    Həqiqətən, onlar yalan uydurub deyirlər:

  • 37:152

    “Allah doğmuşdur”. Şübhəsiz ki, onlar yalançıdırlar.

  • 37:153

    Məgər Allah qızları oğlanlardan üstünmü tutmuşdur?

  • 37:154

    Sizə nə olub, bu necə mühakimədir yürüdürsünüz?

  • 37:155

    Məgər düşünüb ibrət almayacaqsınız?

  • 37:156

    Yoxsa sizin aydın bir dəliliniz vardır?

  • 37:157

    Əgər doğru deyirsinizsə, kitabınızı gətirin!

  • 37:158

    Onlar Allahla cinlər arasında qohumluq olduğunu uydurdular. Həqiqətən, cinlər onların Cəhənnəmə gətiriləcəyini bilirlər.

  • 37:159

    Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır.

  • 37:160

    Yalnız Allahın seçilmiş səmimi qullarından başqa.

  • 37:161

    Ey müşriklər! Nə siz, nə də sizin tapındıqlarınız

  • 37:162

    heç kəsi Allaha qarşı yoldan çıxara bilməzsiniz;

  • 37:163

    ancaq Cəhənnəmə girəcək kimsədən başqa.

  • 37:164

    Mələklər dedi: “Bizlərdən hər kəsin müəyyən bir yeri vardır.

  • 37:165

    Həqiqətən, biz səf-səf dururuq.

  • 37:166

    Həqiqətən, biz Allahın şəninə təriflər deyirik”.

  • 37:167

    Müşriklər deyirdilər:

  • 37:168

    “Əgər bizdə də əvvəlkilərdə olan zikrdən olsaydı,

  • 37:169

    biz mütləq Allahın seçilmiş səmimi qulları olardıq”.

  • 37:170

    Lakin onlar onu inkar etdilər. Onlar tezliklə biləcəklər.

  • 37:171

    Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi:

  • 37:172

    “Həqiqətən, onlara kömək göstəriləcəkdir.

  • 37:173

    Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür”.

  • 37:174

    Sən bir müddət onlardan üz çevir!

  • 37:175

    Onlara bax! Onlar tezliklə əzabı görəcəklər.

  • 37:176

    Onlar əzabımızın tezliklə gəlməsinimi istəyirlər?

  • 37:177

    Əzab onların yurdlarına endiyi zaman qorxudulanların sabahı necə də pis olacaq!

  • 37:178

    Sən bir müddət onlardan üz çevir!

  • 37:179

    Onlara bax! Onlar tezliklə əzabı görəcəklər.

  • 37:180

    Qüdrət sahibi olan Rəbbin pakdır, müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır.

  • 37:181

    Elçilərə salam olsun!

  • 37:182

    Aləmlərin Rəbbi olan Allaha həmd olsun!

Paylaş
Tweet'le