44 DUHAN

  • 44:1

    Ha. Mim.

  • 44:2

    And olsun bu aydın Kitaba!

  • 44:3

    Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz qorxuduruq.

  • 44:4

    Hər bir hikmətli iş o gecədə ayırd edilir –

  • 44:5

    dərgahımızdan vəhy edilən əmr ilə. Həqiqətən, kitabları və elçiləri Biz göndəririk –

  • 44:6

    sənin Rəbbindən mərhəmət olaraq. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir.

  • 44:7

    Əgər yəqinliklə inanırsınızsa, bilin ki, Allah göylərin, yerin və onların arasında olanların Rəbbidir.

  • 44:8

    Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir.

  • 44:9

    Lakin onlar şəkkə qapılıb əylənirlər.

  • 44:10

    Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə.

  • 44:11

    O tüstü ki, insanları bürüyəcəkdir. Bu, ağrılı-acılı bir əzabdır.

  • 44:12

    Onlar: “Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar, biz də iman gətirək”– deyəcəklər.

  • 44:13

    Onlar necə öyüd-nəsihət eşidə bilərlər ki, artıq onlara açıq-aşkar bir peyğəmbər gəlsə də,

  • 44:14

    onlar ondan üz çevirib: “Öyrədilmiş bir dəlidir!”– dedilər.

  • 44:15

    Biz əzabı bir az sizdən uzaqlaşdırarıq, amma siz yenə azğınlığa qayıdacaqsınız.

  • 44:16

    Kafirləri böyük bir müsibətlə yaxalayacağımız gün, Biz onlardan intiqam alacağıq.

  • 44:17

    Biz onlardan əvvəl Fironun xalqını da sınadıq. Onlara möhtərəm bir elçi gəldi.

  • 44:18

    O dedi: “Allahın qullarını mənə qaytarın. Həqiqətən, mən sizin üçün etibarlı bir elçiyəm.

  • 44:19

    Allaha qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə aydın bir sübut gətirmişəm.

  • 44:20

    Mən sizin məni daşa basmanızdan həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha sığınıram.

  • 44:21

    Əgər mənə inanmırsınızsa, onda məndən uzaq olun!”

  • 44:22

    Sonra o, Rəbbinə yalvarıb dedi: “Həqiqətən, bunlar günahkar adamlardır!”

  • 44:23

    Allah dedi: “Qullarımla birlikdə gecə yola çıx. Şübhəsiz ki, siz təqib olunacaqsınız.

  • 44:24

    Dənizi də sakit burax! Onlar suda batırılacaq əsgərlərdir!”

  • 44:25

    Onlar neçə-neçə bağlar, çeşmələr qoyub getdilər;

  • 44:26

    Habelə əkinlər, möhtəşəm yerlər

  • 44:27

    və içində həzz aldıqları nemətləri də qoyub getdilər.

  • 44:28

    Bax belə! Biz o nemətlərə başqalarını varis etdik.

  • 44:29

    Nə göy, nə də yer onlardan ötrü ağlamadı. Onlara möhlət də verilmədi.

  • 44:30

    Artıq İsrail oğullarını alçaldıcı əzabdan qurtardıq –

  • 44:31

    Firondan. Həqiqətən, o, özünü yüksək tutan və həddi aşanlardan idi.

  • 44:32

    Biz onları (İsrail oğullarını) Öz elmimizlə aləmlərdən üstün tutduq.

  • 44:33

    Onlara içində açıq-aydın imtahan olan dəlillər verdik.

  • 44:34

    Bunlar mütləq deyəcəklər:

  • 44:35

    “Bizim ancaq bircə ölümümüz var. Biz bir daha dirildilməyəcəyik.

  • 44:36

    Əgər doğru deyirsinizsə, onda atalarımızı dirildib gətirin!”

  • 44:37

    Bunlar yaxşıdır, yoxsa Tubba tayfası və onlardan əvvəlkilər? Biz onları məhv etdik. Çünki onlar günahkar adamlar idi.

  • 44:38

    Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün və əbəs yerə yaratmadıq.

  • 44:39

    Biz onları əsl həqiqət kimi yaratdıq, lakin çoxları bunu bilmir.

  • 44:40

    Şübhəsiz ki, ayırd etmə günü onların hamısı üçün müəyyən olunmuş vaxtdır.

  • 44:41

    O gün dost dosta heç bir şeylə fayda verə bilməyəcək, onlara kömək də edilməyəcəkdir.

  • 44:42

    Allahın rəhm etdiyi kimsələrdən başqa! Həqiqətən, O, Qüdrətlidir, Rəhmlidir.

  • 44:43

    Həqiqətən, zəqqum ağacı

  • 44:44

    günahkar adamın yeməyidir.

  • 44:45

    Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar –

  • 44:46

    qaynar su qaynayan kimi.

  • 44:47

    Onu tutub Cəhənnəmin ortasına sürüyün!

  • 44:48

    Sonra əzab vermək üçün başına qaynar su tökün!

  • 44:49

    Dad bu əzabı! Sən ki qüdrətli və şərəfli idin.

  • 44:50

    Sizin şübhə etdiyiniz əzab budur!

  • 44:51

    Allahdan qorxanlar isə təhlükəsiz bir yerdə –

  • 44:52

    bağçalarda və çeşmələr başında olacaqlar!

  • 44:53

    Taftadan və atlazdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər.

  • 44:54

    Bax belə! Üstəlik onları iri qaragözlü hurilərlə də evləndirəcəyik.

  • 44:55

    Onlar orada əmin-amanlıq içində hər meyvədən istəyəcəklər.

  • 44:56

    Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. Allah onları Cəhənnəm əzabından qorumuşdur –

  • 44:57

    sənin Rəbbinin lütfkarlığı sayəsində. Məhz bu, böyük uğurdur.

  • 44:58

    Biz Quranı sənin dilində asanlaşdırdıq ki, onlar öyüd-nəsihət ala bilsinlər.

  • 44:59

    Sən gözlə! Şübhəsiz ki, onlar da gözləyirlər.

Paylaş
Tweet'le