50 KAF

  • 50:1

    Qaf. Şərəfli Qurana and olsun!

  • 50:2

    Onlara öz aralarından xəbərdarlıq edən bir peyğəmbər gəlməsinə təəccüb edən kafirlər dedilər: “Bu çox qəribə bir şeydir.

  • 50:3

    Məgər biz ölüb torpağa qarışdıqdan sonra yenidən diriləcəyik? Bu, əlçatmaz bir qayıdışdır!”

  • 50:4

    Həqiqətən, Biz yerin onlardan nəyi alıb əskiltdiyini bilirik. Bizdə hər şeyi qoruyan bir Kitab (Lövhi-məhfuz) vardır.

  • 50:5

    Lakin həqiqət onlara məlum olduqda onu yalan hesab etdilər. İndi onlar çaşqın vəziyyətdədirlər.

  • 50:6

    Məgər onlar başları üstündəki göyə baxıb onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi? Orada heç bir yarıq da yoxdur.

  • 50:7

    Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və gözoxşayan bitkilərin hər növündən yetişdirdik.

  • 50:8

    Bunu, Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə belə etdik.

  • 50:9

    Biz göydən bərəkətli su endirdik, onunla bağlar və biçilən taxıl dənələri bitirdik.

  • 50:10

    Eləcə də meyvələri salxım-salxım asılmış hündür xurma ağacları bitirdik.

  • 50:11

    Qullara ruzi olsun deyə belə etdik! Biz onunla ölü bir məmləkəti diriltdik. Dirilib qəbirdən çıxmaq da belədir.

  • 50:12

    Onlardan əvvəl Nuh qövmü, Rəss əhli, Səmud tayfası elçiləri yalançı saydı.

  • 50:13

    Ad qövmü, Firon xalqı, Lut tayfası,

  • 50:14

    Əykə əhli və Tubba qövmü – bunların hamısı elçiləri yalançı saydı və Mənim təhdidim gerçəkləşdi.

  • 50:15

    Məgər Biz ilk yaradılışdan zəiflədikmi? Xeyr! Onlar yeni yaradılış olan dirilmə barəsində şübhə içindədirlər.

  • 50:16

    İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.

  • 50:17

    Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alır.

  • 50:18

    Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın.

  • 50:19

    Ölüm bihuşluğu həqiqətən gələcəkdir. Ey insan! Bu sənin uzaq qaçdığın şeydir.

  • 50:20

    Sur üfürüləcəkdir. Bu, vəd olunmuş təhdid günüdür.

  • 50:21

    Hər kəs onu qova-qova məhşərə gətirənlə və bir də əməllərinə şahidlik edənlə birlikdə gələcəkdir.

  • 50:22

    Sən bunun (bu günün) haqqında qəflət içində idin. Amma Biz pərdəni sənin üzündən qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!”

  • 50:23

    Yoldaşı (şahid mələk) deyəcəkdir: “Bu yanımdakı hazırdır!”

  • 50:24

    Allah əmr edib deyəcək: “Atın Cəhənnəmə hər bir inadcıl kafiri,

  • 50:25

    xeyrə mane olanı, azğınlaşıb həddi aşanı, şübhə edəni,

  • 50:26

    başqa bir məbudu Allaha tay tutanı. Atın onu şiddətli əzabın içinə!”

  • 50:27

    Yoldaşı (şeytan) deyəcəkdir: “Ey Rəbbimiz! Onu mən yoldan çıxartmadım, əksinə, o özü dərin azğınlıq içində idi!”

  • 50:28

    Allah deyəcəkdir: “Mənim hüzurumda höcətləşməyin. Mən əvvəlcədən sizi xəbərdar etmişdim.

  • 50:29

    Mənim Sözüm dəyişməzdir. Mən bəndələrə zülm edən deyiləm!”

  • 50:30

    O gün Biz Cəhənnəmə: “Doldunmu?”– deyəcəyik. O isə: “Yenə varmı?”– deyəcəkdir.

  • 50:31

    Cənnət müttəqilərə yaxınlaşdırılacaq, onlardan uzaqda olmayacaqdır.

  • 50:32

    Budur sizə vəd edilən Cənnət! O, hər bir tövbə edib Allaha üz tutan, Onun əmrinə riayət edən,

  • 50:33

    Mərhəmətli Allahdan Onu görmədən qorxan və Allaha yönəlmiş qəlblə gələn kimsələr üçündür.

  • 50:34

    Ora sağ-salamat daxil olun! Bu, Əbədiyyət günüdür.

  • 50:35

    Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı Allahı görmək vardır.

  • 50:36

    Biz onlardan əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. Onlar diyarbədiyar gəzib dolaşırdılar. Məgər əzabdan qaçıb qurtara bildilərmi?”

  • 50:37

    Həqiqətən, bunda həssas qəlbi olan, hazır durub diqqətlə qulaq asan kimsə üçün ibrət vardır.

  • 50:38

    Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq üz vermədi.

  • 50:39

    Sən onların dediklərinə səbir et! Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə!

  • 50:40

    Gecənin bir vaxtında və səcdələrdən sonra Onun şəninə təriflər de!

  • 50:41

    Dinlə ey Peyğəmbər! O gün carçı yaxın bir yerdən çağıracaqdır.

  • 50:42

    O gün onlar bu səsi gerçəkdən eşidəcəklər. Bu, qəbirlərdən çıxma günüdür.

  • 50:43

    Şübhəsiz ki, dirildən də, öldürən də Bizik. Dönüş də yalnız Bizədir.

  • 50:44

    O gün yer onlardan ötrü yarılacaq, onlar sürətlə carçıya doğru çıxacaqlar. Beləcə, onları bir yerə yığmaq Bizim üçün asandır.

  • 50:45

    Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!

Paylaş
Tweet'le