51 ZARİYAT

  • 51:1

    And olsun toz-torpağı ətrafa səpələyənlərə!

  • 51:2

    And olsun yağmur yükü daşıyanlara!

  • 51:3

    And olsun asanlıqla üzüb gedənlərə!

  • 51:4

    And olsun işləri paylaşdıranlara!

  • 51:5

    Sizə vəd olunanlar həqiqətdir.

  • 51:6

    Haqq-hesab da mütləq çəkiləcəkdir.

  • 51:7

    And olsun gözəl görünüşü olan səmaya!

  • 51:8

    Sizin sözləriniz ziddiyyətlidir.

  • 51:9

    Ondan (Qurandan və Peyğəmbərdən) dönən kimsə döndərilər.

  • 51:10

    Məhv olsun yalançılar!

  • 51:11

    O kəslər ki, cəhalət içində olan qafillərdir.

  • 51:12

    Onlar Haqq-hesab gününün nə vaxt olacağını soruşurlar.

  • 51:13

    O gün onlara odda əzab veriləcəkdir.

  • 51:14

    Onlara deyiləcək: “Dadın əzabınızı! Sizin tez-tələsik gəlməsini istədiyiniz şey budur!”

  • 51:15

    Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və bulaqlar başında olacaqlar,

  • 51:16

    öz Rəbbinin onlara verdiyini alacaqlar. Həqiqətən, onlar bundan əvvəl yaxşı iş görən adamlar olmuşdular.

  • 51:17

    Onlar gecələr ibadət edib az yatırdılar.

  • 51:18

    Sübh çağı isə bağışlanma diləyirdilər.

  • 51:19

    Onların mal-dövlətində dilənçinin və yoxsulun payı vardır.

  • 51:20

    Qəti inananlar üçün yer üzündə dəlillər vardır.

  • 51:21

    Sizin özünüzdə də dəlillər vardır. Məgər görmürsünüz?

  • 51:22

    Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir.

  • 51:23

    Göyün və yerin Rəbbinə and olsun ki, bu vəd sizin danışmağa qüdrətiniz olduğu kimi həqiqətdir.

  • 51:24

    İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatdımı?

  • 51:25

    Onlar onun yanına daxil olub: “Sənə salam olsun!”– dedilər. İbrahim: “Sizə də salam olsun! Siz yad adamlara oxşayırsınız!”– dedi.

  • 51:26

    O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov qızardıb gətirdi.

  • 51:27

    Onu qabaqlarına qoyub: “Yemək yeməyəcəksinizmi?”– dedi.

  • 51:28

    O, qonaqların yemədiklərini görüb onlardan qorxuya düşdü. Onlar: “Qorxma!”– dedilər və ona elmli bir oğlan uşağı ilə müjdə verdilər.

  • 51:29

    Zövcəsi qışqırıb üz-gözünə vura-vura dedi: “Axı mən sonsuz qoca qarıyam!”

  • 51:30

    Onlar dedilər: “Sənin Rəbbin belə demişdir. Həqiqətən, O, Müdrikdir, Biləndir!”

  • 51:31

    İbrahim dedi: “Sizin işiniz nədir, ey elçilər?”

  • 51:32

    Onlar dedilər: “Biz günahkar bir qövmə göndərilmişik ki,

  • 51:33

    onların üstünə gildən daşlar yağdıraq –

  • 51:34

    həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş daşlar!”

  • 51:35

    Biz orada olan möminləri o kənddən çıxartdıq.

  • 51:36

    Amma orada bir evdən başqa müsəlman tapmadıq.

  • 51:37

    Ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir əlamət qoyduq.

  • 51:38

    Musanın əhvalatında da ibrət vardır. O zaman Biz onu Fironun yanına aydın bir dəlillə göndərmişdik.

  • 51:39

    O, öz camaatı ilə birlikdə üz çevirib: “Bu sehrbazdır, ya da dəlidir!”– dedi.

  • 51:40

    Biz Fironu və əsgərlərini yaxalayıb dənizə atdıq. O, qınanmağa layiq idi.

  • 51:41

    Ad qövmünün hekayətində də ibrət vardır. O zaman Biz onların üstünə xeyir-bərəkətsiz bir külək göndərmişdik.

  • 51:42

    O külək üstündən keçdiyi hər bir şeyi sovurub külə döndərirdi.

  • 51:43

    Səmud qövmünün hekayətində də ibrət vardır. O zaman onlara: “Müəyyən vaxtadək dolanıb-keçinin!”– deyilmişdi.

  • 51:44

    Onlar öz Rəbbinin əmrindən çıxdılar və onları gözləri baxa-baxa ildırım vurdu.

  • 51:45

    Onlar ayağa qalxa bilmədilər və onlara kömək edən də olmadı.

  • 51:46

    Daha əvvəl Nuh qövmünü məhv etdik. Çünki onlar fasiq adamlar idilər.

  • 51:47

    Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.

  • 51:48

    Yeri də Biz döşədik. Nə gözəl döşəyənlərik Biz!

  • 51:49

    Biz hər şeydən erkək və dişi olmaqla cütlər yaratdıq ki, bəlkə, düşünüb ibrət alasınız.

  • 51:50

    De: “Allaha tərəf qaçın! Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!

  • 51:51

    Allahla yanaşı başqa bir məbud qəbul etməyin. Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!”

  • 51:52

    Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, onun barəsində: “Sehrbazdır, ya da dəlidir!”– deməsinlər.

  • 51:53

    Onlar bunu bir-birinə vəsiyyətmi etmişlər? Xeyr, onlar həddi aşan adamlardır.

  • 51:54

    Artıq onlardan üz döndər! Sən buna görə qınanmazsan.

  • 51:55

    Sən xatırlat! Çünki xatırlatmaq möminlərə fayda verir.

  • 51:56

    Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.

  • 51:57

    Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm.

  • 51:58

    Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir.

  • 51:59

    Şübhəsiz ki, zülm edənləri həmtaylarının qisməti kimi bir qismət gözləyir. Qoy onlar Məni tələsdirməsinlər!

  • 51:60

    Onlara vəd olunmuş Gündən ötrü vay kafirlərin halına!

Paylaş
Tweet'le