52 TUR

  • 52:1

    And olsun dağa!

  • 52:2

    And olsun yazılmış Kitaba –

  • 52:3

    nazik dəri üzərində olan Kitaba!

  • 52:4

    And olsun Beytulməmura!

  • 52:5

    And olsun yüksək tavana!

  • 52:6

    And olsun alovlanan dənizə!

  • 52:7

    Rəbbinin əzabı hökmən vaqe olacaqdır.

  • 52:8

    Heç nə onun qarşısını ala bilməz.

  • 52:9

    O gün göy şiddətlə sarsılacaq,

  • 52:10

    dağlar da hərəkətə gələcəkdir.

  • 52:11

    O gün vay halına haqqı yalan sayanların!

  • 52:12

    O kəslər ki, yalan bataqlığında əylənirlər.

  • 52:13

    O gün onlar amansızcasına sürüdülərək Cəhənnəm oduna atılacaqlar.

  • 52:14

    Onlara deyiləcək: “Bu sizin yalan saydığınız Cəhənnəm odudur!

  • 52:15

    Bəlkə bu da sehrdir, siz görmürsünüz?

  • 52:16

    Yanın orada! Dözsəniz də, dözməsəniz də sizin üçün eynidir. Sizə ancaq etdiyiniz əməllərin cəzası verilir”.

  • 52:17

    Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və nemət içində yaşayacaqlar.

  • 52:18

    Rəbbinin onlara bəxş etdiyinə sevinəcəklər. Rəbbi onları Cəhənnəm əzabından xilas etmişdir.

  • 52:19

    Onlara deyiləcək: “Xeyirxah əməllərinizin əvəzi olaraq nuşcanlıqla yeyin, için!”

  • 52:20

    Onlar səflərlə salınmış mütəkkələrə dirsəklənəcəklər. Biz onları iri qaragözlü hurilərlə evləndirəcəyik.

  • 52:21

    Möminlərin imanda onların arxasınca gedən nəsillərini də Cənnətdə özlərinə qovuşduracağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs qazandığının girovudur.

  • 52:22

    Onlara istədikləri meyvədən və ətdən bol-bol verəcəyik.

  • 52:23

    Onlar orada bir-birinə şərab dolu badə uzadacaqlar. Bu şərab onları nə boşboğazlığa, nə də günaha təhrik etməz.

  • 52:24

    Onların ətrafında xidmətlərinə verilmiş, qorunub saxlanılan mirvari kimi yeniyetmə oğlanlar dolanacaqlar.

  • 52:25

    Onlar bir-birinə üz tutub soruşacaqlar.

  • 52:26

    Onlar deyəcəklər: “Biz əvvəllər ailəmiz içində olarkən Allahdan qorxurduq.

  • 52:27

    Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əzabından qorudu.

  • 52:28

    Biz əvvəllər Ona dua edirdik. Həqiqətən, O, yaxşılıq edəndir, Rəhmlidir!”

  • 52:29

    Onlara xatırlat! Sən öz Rəbbinin neməti sayəsində nə kahinsən, nə də dəli!

  • 52:30

    Yoxsa onlar: “O bir şairdir. Biz onun ölümünü gözləyirik!”– deyirlər.

  • 52:31

    De: “Gözləyin, mən də sizinlə birlikdə gözləyənlərdənəm!”

  • 52:32

    Yoxsa onların ağılları bunu onlara əmr edir? Yaxud onlar azğın adamlardır?

  • 52:33

    Yoxsa onlar: “Bunu özündən uydurdun!”– deyirlər. Xeyr, onlar iman gətirmirlər.

  • 52:34

    Əgər doğru söyləyirlərsə, qoy ona (Qurana) bənzər bir kəlam gətirsinlər.

  • 52:35

    Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır?

  • 52:36

    Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar.

  • 52:37

    Yoxsa sənin Rəbbinin xəzinələri onlardadır? Yaxud onlar hökm sahibidirlər?

  • 52:38

    Yoxsa onların, üstünə çıxıb mələklərin söhbətlərini dinlədikləri bir nərdivanı vardır? Onda qoy onların mələkləri dinləyənləri anlaşıqlı bir dəlil gətirsinlər!

  • 52:39

    Yoxsa qızlar Onun, oğlanlar isə sizindir?

  • 52:40

    Yoxsa sən onlardan bir mükafat istəyirsən və onlar da borclu qaldıqlarına görə ağır yük altındadırlar?

  • 52:41

    Yoxsa onlar qeybi bilir və onu yazırlar?

  • 52:42

    Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar.

  • 52:43

    Yoxsa onların Allahdan başqa bir məbudu var? Allah onların qoşduqları şəriklərdən uzaqdır.

  • 52:44

    Əgər onlar göy parçalarının düşdüyünü görsələr: “Bulud topasıdır!”– deyərlər.

  • 52:45

    Sən onları sarsılacaqları günə qovuşana qədər tərk et!

  • 52:46

    O gün hiylələri onlara heç bir fayda verməyəcək və onlara kömək göstərilməyəcəkdir.

  • 52:47

    Həqiqətən, zalımlar üçün bundan başqa əzab da hazırlanmışdır. Lakin onların çoxu bunu bilmir.

  • 52:48

    Sən öz Rəbbinin hökmünə səbir et! Həqiqətən, sən Bizim Gözlərimiz önündəsən. Yuxudan qalxdıqda Rəbbini həmd ilə zikr et!

  • 52:49

    Gecənin bir vaxtında, bir də ulduzlar batandan sonra Onun şəninə təriflər de!

Paylaş
Tweet'le