54 KAMER

  • 54:1

    O Saat yaxınlaşdı və ay bölündü.

  • 54:2

    Onlar bir möcüzə gördükdə üz döndərib: “Bu, tez keçib-gedən bir sehrdir” deyirlər.

  • 54:3

    Onlar Peyğəmbəri yalançı saydılar və öz nəfslərinin istəklərinə tabe oldular. Halbuki hər bir iş bərqərar olacaqdır.

  • 54:4

    Onlara küfrdən çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.

  • 54:5

    Bu böyük bir hikmətdir. Lakin arxa çevirənlərə təhdidlər nə fayda verə bilər?!

  • 54:6

    Sən də onları tərk et! Carçının onları xoşagəlməz bir şeyə çağıracağı gün

  • 54:7

    onlar zəlil baxışlarla gözlərini aşağı dikmiş halda ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.

  • 54:8

    Kafirlər carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!”– deyəcəklər.

  • 54:9

    Onlardan əvvəl Nuh qövmü elçiləri yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: “O, dəlidir!”– dedilər və ona hədə-qorxu gəldilər.

  • 54:10

    O, Rəbbinə yalvarıb: “Məni üstələdilər! Mənə kömək et!”– dedi.

  • 54:11

    Biz göyün qapılarını leysan yağışı ilə açdıq.

  • 54:12

    Yeri yarıb bulaqlar qaynatdıq. Göydən tökülən və yerdən çıxan sular əzəldən yazılmış bir iş üçün bir-birinə qovuşdu.

  • 54:13

    Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq.

  • 54:14

    İnkar edilmiş peyğəmbərə mükafat olaraq o gəmi Gözlərimiz önündə üzüb gedirdi.

  • 54:15

    Biz onu (həmin hadisəni) nəsillərə ibrət üçün saxladıq. Amma heç bir yada salan varmı?

  • 54:16

    Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!

  • 54:17

    Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?

  • 54:18

    Ad qövmü də elçiləri yalançı saydı. Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!

  • 54:19

    Biz uzun sürən uğursuz bir gündə onların üstünə çox soyuq külək göndərdik.

  • 54:20

    O, insanları kökündən çıxardılmış xurma kötükləri kimi qopardıb atırdı.

  • 54:21

    Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!

  • 54:22

    Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?

  • 54:23

    Səmud qövmü də xəbərdarlıqları yalan saydı.

  • 54:24

    Onlar dedilər: “Özümüzdən olan bir adamamı tabe olacağıq? Onda biz azğınlığa düşər və ağılsız iş görmüş olarıq!

  • 54:25

    Zikr aramızdan təkcə onamı verildi? Xeyr, o, yalançıdır, lovğadır!”

  • 54:26

    Sabah onlar kimin yalançı və lovğa olduğunu mütləq biləcəklər.

  • 54:27

    Biz onları sınağa çəkmək üçün bir dişi dəvə göndərəcəyik. Sən isə gözlə və səbir et!

  • 54:28

    Onlara xəbər ver ki, bu su, dəvə ilə onlar arasında bölüşdürülmüşdür. Hər biri su içməyə öz növbəsində gəlsin!”

  • 54:29

    Onlar öz yoldaşlarını çağırdılar. O da dəvəni tutub diz vətərini kəsdi.

  • 54:30

    Görəydin Mənim əzabım və qorxutmağım necə oldu!

  • 54:31

    Həqiqətən, Biz onlara bircə tükürpədici səs göndərdik və onlar mal-qara ağılında istifadə edilən quru saman kimi oldular.

  • 54:32

    Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?

  • 54:33

    Lut qövmü də xəbərdarlıqları yalan saydı.

  • 54:34

    Biz onların üstünə qasırğa ilə birgə daşlar göndərdik. Yalnız Lutun ailəsini sübh çağı xilas etdik –

  • 54:35

    Özümüzdən bir mərhəmət olaraq! Biz şükür edənləri belə mükafatlandırırıq.

  • 54:36

    Lut onları Bizim əzabımızla hədələdi, onlar isə bu xəbərdarlıqlara şübhə ilə yanaşdılar.

  • 54:37

    Onlar Lutdan qonaqlarını israrla tələb etdilər. Biz də onları kor etdik və dedik: “Əzabımı və təhdidlərimi dadın!”

  • 54:38

    Sübh tezdən onlara yaxalarından əl çəkməyəcək bir əzab gəldi.

  • 54:39

    Elə isə əzabımı və təhdidlərimi dadın!

  • 54:40

    Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?

  • 54:41

    Xəbərdarlıqlar Firon nəslinə də göndərildi.

  • 54:42

    Onlar dəlillərimizin hamısını yalan saydılar. Biz də onları Qüvvət və Qüdrətimizə layiq şəkildə əzabla yaxaladıq.

  • 54:43

    Sizin kafirləriniz onlardan yaxşıdırmı? Yoxsa Kitablarda sizə toxunulmazlıq vəd edilmişdir?

  • 54:44

    Yoxsa onlar: “Biz qalib gələcək bir dəstəyik!”– deyirlər?

  • 54:45

    Bu dəstə mütləq məğlub olacaq və arxaya dönüb qaçacaqdır.

  • 54:46

    Xeyr! Onlara vəd edilmiş vaxt o Saatdır. O Saat isə daha ağır, daha acıdır.

  • 54:47

    Şübhəsiz ki, günahkarlar azğınlıq və əzab-əziyyət içindədirlər.

  • 54:48

    O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək və onlara: “Cəhənnəmin təmasını dadın!”– deyiləcəkdir.

  • 54:49

    Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq.

  • 54:50

    Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir.

  • 54:51

    Biz neçə-neçə həmtaylarınızı məhv etmişik. Amma heç yada salan varmı?

  • 54:52

    Onların etdiyi hər şey əməllərinin yazıldığı kitablarındadır.

  • 54:53

    Hər bir kiçik və böyük əməl yazılmışdır.

  • 54:54

    Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və çaylar kənarında,

  • 54:55

    qadir Hökmdarın hüzurundakı haqq məclisində olacaqlar!

Paylaş
Tweet'le