56 VAKIA

  • 56:1

    Vaqiə qopacağı zaman

  • 56:2

    onun qopduğunu heç kəs dana bilməz.

  • 56:3

    O, bəzilərini alçaldacaq, bəzilərini də ucaldacaqdır.

  • 56:4

    Yer şiddətlə titrədiyi zaman,

  • 56:5

    Dağlar parça-parça olub ovxalandığı

  • 56:6

    və ətrafa səpələnmiş toz-torpağa döndüyü zaman,

  • 56:7

    siz üç dəstəyə ayrılacaqsınız.

  • 56:8

    Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!

  • 56:9

    Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!

  • 56:10

    Xeyirxah işlərdə öndə gedənlər, Cənnətdə də öndədirlər!

  • 56:11

    Onlar Allaha yaxın olanlar,

  • 56:12

    Nəim bağlarında qalacaq kimsələrdir.

  • 56:13

    Onların çoxu əvvəlki nəsillərdən,

  • 56:14

    az bir qismi də axırıncılardandır.

  • 56:15

    Onlar bəzənmiş taxtlar üstündə

  • 56:16

    qarşı-qarşıya əyləşib dirsəklənəcəklər.

  • 56:17

    Onların ətrafında həmişəcavan xidmətçi oğlanlar fırlanacaqlar;

  • 56:18

    çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə –

  • 56:19

    ondan başları ağrımaz və məst olmazlar,

  • 56:20

    bəyənib seçdikləri meyvələr

  • 56:21

    və istədikləri quş əti ilə hərlənəcəklər.

  • 56:22

    Onları iri qaragözlü hurilər gözləyir –

  • 56:23

    sədəf içində saxlanılmış mirvariyə bənzər hurilər.

  • 56:24

    Bu, onların etdikləri əməllərin mükafatı olacaq.

  • 56:25

    Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər.

  • 56:26

    Ancaq: “Salam! Salam!”– sözləri eşidəcəklər.

  • 56:27

    Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!

  • 56:28

    Onlar tikansız sidr ağacları arasında,

  • 56:29

    meyvələri salxım-salxım asılmış banan ağacları altında,

  • 56:30

    uzanmış kölgəliklərdə,

  • 56:31

    daim axan sular kənarında,

  • 56:32

    çoxlu meyvələr,

  • 56:33

    tükənməz və qadağan edilməyən meyvələr içində

  • 56:34

    və hündür döşəklər üstündə olacaqlar.

  • 56:35

    Biz Cənnətdəki qadınları yeni biçimdə yaradacağıq.

  • 56:36

    Onları bakirə qızlar edəcəyik –

  • 56:37

    ərlərini sevən, həmyaşıdlar.

  • 56:38

    Bunlar sağ tərəf sahibləri üçündür.

  • 56:39

    Onların çoxu əvvəlki nəsillərdən,

  • 56:40

    bir qismi də axırıncılardandır.

  • 56:41

    Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!

  • 56:42

    Onlar qızmar yel və qaynar su içində,

  • 56:43

    qapqara duman kölgəsində olacaqlar.

  • 56:44

    Bu duman nə sərin, nə də xoşagələndir.

  • 56:45

    Onlar bundan əvvəl cah-calal içində idilər,

  • 56:46

    böyük günah işlətməkdə israr edirdilər

  • 56:47

    və deyirdilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra yenidənmi dirildiləcəyik?

  • 56:48

    Yaxud bizim əcdadlarımız dirildiləcəklərmi?”

  • 56:49

    De: “Şübhəsiz ki, əvvəlkilər də, sonrakılar da,

  • 56:50

    bəlli bir günün müəyyən vaxtında mütləq toplanılacaqlar.

  • 56:51

    Sonra, siz ey doğru yoldan azanlar, haqqı yalan sayanlar!

  • 56:52

    Siz mütləq zəqqum ağacından yeyəcəksiniz,

  • 56:53

    qarınlarınızı onunla dolduracaqsınız,

  • 56:54

    üstündən də qaynar su içəcəksiniz.

  • 56:55

    Siz onu susamış xəstə dəvələr kimi içəcəksiniz”.

  • 56:56

    Bu onların Haqq-hesab günündəki ziyafətidir.

  • 56:57

    Sizi Biz yaratdıq. Bəs nə üçün dirildiləcəyinizi təsdiq etmirsiniz?

  • 56:58

    Axıtdığınız nütfəni gördünüzmü?

  • 56:59

    Onu siz yaradırsınız, yoxsa Biz?

  • 56:60

    Sizin aranızda ölümü Biz müəyyən etdik və heç nə Bizim qarşımızı ala bilməz.

  • 56:61

    Sizi bənzərləriniz ilə əvəz etməyə və sizi özünüz bilmədiyiniz başqa bir şəkildə yaratmağa Bizə mane olan tapılmaz.

  • 56:62

    Siz ilk yaradılışı bilirsiniz. Bəs nə üçün dirildiləcəyiniz barədə düşünmürsünüz?

  • 56:63

    Əkdiyinizi gördünüzmü?

  • 56:64

    Onu siz bitirirsiniz, yoxsa Biz?

  • 56:65

    Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də heyrətə gələrdiniz,

  • 56:66

    və deyərdiniz: “Biz ziyana uğradıq.

  • 56:67

    Daha doğrusu nemətlərdən məhrum olduq!”

  • 56:68

    İçdiyiniz suyu gördünüzmü?

  • 56:69

    Onu buluddan siz endirirsiniz, yoxsa Biz?

  • 56:70

    Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz?

  • 56:71

    Yandırdığınız odu gördünüzmü?

  • 56:72

    Onun ağacını siz yaradırsınız, yoxsa Biz?

  • 56:73

    Biz onu Cəhənnəmi yada salmaq və müsafirlərin istifadəsi üçün yaratdıq.

  • 56:74

    Elə isə Ulu Rəbbinin adına təriflər de!

  • 56:75

    Ulduzların batdığı yerlərə and olsun!

  • 56:76

    Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləydiniz.

  • 56:77

    Həqiqətən, bu, ehtirama layiq Qurandır,

  • 56:78

    qorunub saxlanılan Yazıdadır (Lövhi-məhfuzdadır).

  • 56:79

    Ona yalnız pak olanlar toxunur.

  • 56:80

    O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.

  • 56:81

    Siz bu kəlamı yalan sayırsınız?

  • 56:82

    Sizə verilən ruziyə şükür etməyi, onu yalan saymaqla yerinə yetirirsiniz?

  • 56:83

    Can boğaza yetişdiyi zaman –

  • 56:84

    həmin an siz can verən adama baxırsınız.

  • 56:85

    Biz ona sizdən daha yaxın oluruq, siz isə bunu görmürsünüz.

  • 56:86

    Madam ki siz iddianıza görə haqq-hesab olunmayacaqsınız

  • 56:87

    və doğru danışanlarsınız, onda, o canı geri qaytarın?

  • 56:88

    Amma əgər o, Allaha yaxın olanlardandırsa,

  • 56:89

    onda rəhmətə, gözəl ruziyə və Nəim bağına yetişər.

  • 56:90

    Əgər o, sağ tərəf sahiblərindəndirsə,

  • 56:91

    ona: “Sağ tərəf sahiblərindən sənə salam olsun!”– deyiləcəkdir.

  • 56:92

    Yox əgər o, haqqı yalan sayanlardan və doğru yoldan azanlardandırsa,

  • 56:93

    onun ziyafəti qaynar su olacaq,

  • 56:94

    özü də Cəhənnəmdə yanacaqdır.

  • 56:95

    Həqiqətən, bu, şübhə doğurmayan bir həqiqətdir.

  • 56:96

    Elə isə Ulu Rəbbinin adına təriflər de!

Paylaş
Tweet'le