61 SAFF

  • 61:1

    Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.

  • 61:2

    Ey iman gətirənlər! Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız?

  • 61:3

    Etməyəcəyiniz şeylərdən danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır.

  • 61:4

    Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir.

  • 61:5

    Bir zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm! Nə üçün mənə əziyyət verirsiniz? Axı siz bilirsiniz ki, mən Allahın sizə göndərdiyi elçisiyəm!” Onlar doğru yoldan sapdıqda, Allah da onların qəlbini sapdırdı. Allah fasiqləri doğru yola yönəltməz.

  • 61:6

    Bir zaman Məryəm oğlu İsa demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl nazil edilmiş Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı peyğəmbərlə sizi müjdələyən bir elçisiyəm!” Allahın elçisi onlara açıq-aydın dəlillər gətirdikdə onlar: “Bu, aşkar bir sehrdir!”– dedilər.

  • 61:7

    İslama dəvət edildiyi halda, Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər? Allah zalım adamları doğru yola yönəltməz.

  • 61:8

    Onlar Allahın nurunu öz ağızlarından çıxanlarla söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır.

  • 61:9

    Müşriklərin xoşuna gəlməsə də, İslam dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur.

  • 61:10

    Ey iman gətirənlər! Sizi ağrılı-acılı əzabdan xilas edəcək bir ticarəti sizə bildirimmi?

  • 61:11

    Allaha və Onun Elçisinə iman gətirin, Allah yolunda malınız və canınızla cihad edin. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir.

  • 61:12

    Bu təqdirdə O sizin günahlarınızı bağışlayar və sizi ağacları altından çaylar axan Cənnət bağlarına və Ədn bağlarındakı gözəl məskənlərə daxil edər. Bu, böyük müvəffəqiyyətdir.

  • 61:13

    Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. Möminləri bununla müjdələ.

  • 61:14

    Ey iman gətirənlər! Allahın köməkçiləri olun. Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda kimlər mənə köməkçi olacaq?”– demiş, həvarilər də: “Bizik Allahın köməkçiləri!”– demişdilər. İsrail oğullarından bir zümrə iman gətirdi, digər bir zümrə isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar üstün gəldilər.

Paylaş
Tweet'le