63 MÜNAFİKUN

  • 63:1

    Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət veririk ki, sən Allahın Elçisisən!”– deyirlər. Allah da bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar.

  • 63:2

    Onlar andlarını sipər edib insanları Allah yolundan döndərdilər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir!

  • 63:3

    Bu ona görədir ki, onlar iman gətirdikdən sonra kafir oldular. Sonra da onların qəlbinə möhür vuruldu. Artıq onlar anlamırlar.

  • 63:4

    Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlir, danışanda onların dediklərinə qulaq asırsan. Halbuki, onlar divara söykədilmiş dirəklər kimidirlər. Onlar hər bir səs-küyün özlərinə qarşı olduğunu sanırlar. Onlar düşməndirlər. Sən onlardan çəkin! Allah onları məhv etsin, necə də haqdan döndərilirlər!

  • 63:5

    Onlara: “Gəlin Allahın Elçisi sizin üçün bağışlanma diləsin!”– deyildiyi zaman başlarını yelləyir və sən onların özlərini dartaraq üz döndərdiklərini görürsən.

  • 63:6

    Sən onlar üçün bağışlanma diləsən də, diləməsən də, fərqi yoxdur. Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq adamları doğru yola yönəltməz.

  • 63:7

    Məhz onlar: “Allahın Elçisi yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!”– deyirlər. Halbuki göylərin və yerin xəzinələri Allahındır, lakin münafiqlər anlamırlar.

  • 63:8

    Onlar: “Əgər biz Mədinəyə qayıtsaq, ən qüdrətlilər (münafiqlər) ən alçaqları (müsəlmanları) mütləq oradan çıxardacaqlar!”– deyirlər. Halbuki qüdrət yalnız Allaha, Onun Elçisinə və möminlərə məxsusdur, lakin bunu münafiqlər bilmirlər.

  • 63:9

    Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır.

  • 63:10

    Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!”– deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin.

  • 63:11

    Allah əcəli çatmışlara əsla möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır.

Paylaş
Tweet'le