68 KALEM

  • 68:1

    Nun. And olsun qələmə və qələmə alınanlara!

  • 68:2

    Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.

  • 68:3

    Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.

  • 68:4

    Həqiqətən də, sən böyük əxlaq sahibisən!

  • 68:5

    Sən də görəcəksən, onlar da –

  • 68:6

    hansınızın dəli olduğunu.

  • 68:7

    Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.

  • 68:8

    Elə isə haqqı yalan sayanlara güzəştə getmə.

  • 68:9

    Müşriklər istəyirlər ki, sən onlara güzəşt edəsən, onlar da sənə güzəşt etsinlər.

  • 68:10

    İtaət etmə hər tez-tez and içənə, alçağa,

  • 68:11

    qeybət edənə, dedi-qodu yayana,

  • 68:12

    xeyrə mane olana, həddi aşana, günahkara,

  • 68:13

    daş ürəkliyə, bunlardan sonra da başqasının adını mənimsəyən fırıldaqçıya –

  • 68:14

    o adam var-dövlət və oğul-uşaq sahibi olsa belə.

  • 68:15

    Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əsatirlərindəndir!”– deyər.

  • 68:16

    Biz onun burnuna damğa vuracağıq.

  • 68:17

    Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da sınağa çəkdik. O zaman bağ sahibləri səhər açılanda bağda olan meyvələri mütləq dərəcəklərinə and içmişdilər

  • 68:18

    və heç bir istisna da etməmişdilər (“inşallah” deməmişdilər).

  • 68:19

    Onlar yuxuda ikən Rəbbinin əzabı o bağı bürüdü.

  • 68:20

    Bağ yanıb zülmət gecə kimi qapqara oldu.

  • 68:21

    Onlar səhər qalxdıqda bir-birlərini çağırdılar:

  • 68:22

    “Əgər meyvə dərəcəksinizsə, bağınıza erkən gedin!”

  • 68:23

    Onlar bağa yollandılar, yol boyu da bir-birlərinə belə pıçıldayırdılar:

  • 68:24

    “Bu gün oraya – yanınıza heç bir kasıb girməsin!”

  • 68:25

    Onlar bu məqsədlə kasıbları bağa buraxmamağa qadir olacaqlarını zənn edib erkən getdilər.

  • 68:26

    Bağı görəndə isə belə dedilər: “Deyəsən, biz düz gəlməmişik!

  • 68:27

    Xeyr! Biz bu bağın xeyrindən məhrum olmuşuq!”

  • 68:28

    Onların ən insaflısı dedi: “Məgər mən sizə Allahın şəninə təriflər söyləyin deməmişdimmi?”

  • 68:29

    Onlar dedilər: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz özümüzə zülm etmişik!”

  • 68:30

    Onlar dönüb bir-birlərini qınamağa başladılar

  • 68:31

    və dedilər: “Vay halımıza! Biz həddi aşanlarıq!

  • 68:32

    Ola bilsin ki, Rəbbimiz bizə bu bağın əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik”.

  • 68:33

    Dünyadakı əzab belədir. Axirət əzabı isə daha böyükdür! Kaş biləydilər!

  • 68:34

    Şübhəsiz ki, müttəqilər üçün Rəbbin dərgahında Nəim bağları hazırlanmışdır.

  • 68:35

    Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı?

  • 68:36

    Sizə nə olub, necə hökm verirsiniz?

  • 68:37

    Yoxsa sizin elə bir kitabınız vardır ki, üsyankarla itaətkarın eyni olduğunu ondan oxuyursunuz?

  • 68:38

    Ya da onda bəyəndiyiniz hər bir şeyin sizin olacağı yazılmışdır?

  • 68:39

    Yaxud Bizimlə Qiyamət gününədək əhd bağlamısınız ki, istədiyiniz hər şey sizin olacaqdır?

  • 68:40

    Onlardan soruş ki, kim buna zamin duracaqdır?

  • 68:41

    Yoxsa onların şərikləri vardır? Əgər doğru danışırlarsa, onda qoy şəriklərini gətirsinlər.

  • 68:42

    Ayağın açılacağı və onlar səcdəyə çağırılacaqları, lakin buna qadir ola bilməyəcəkləri gün –

  • 68:43

    onların baxışları yazıq görkəm alacaq, özlərini də zillət bürüyəcəkdir. Hərçənd ki, onlar dünyada ikən sağ-salamat halda səcdə qılmağa dəvət olunurdular.

  • 68:44

    Bu Sözü yalan sayanları Mənim öhdəmə burax. Biz onları tovlayıb bilmədikləri bir yöndən tədricən əzaba sürükləyirik.

  • 68:45

    Hələlik Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim kafirlər üçün qurduğum hiyləm çox güclüdür.

  • 68:46

    Yoxsa sən onlardan bir muzd istəyirsən və onlar da ağır bir borca düşüblər?

  • 68:47

    Yoxsa qeyb onların əlindədir və onlar da ona baxıb istədiklərini yazırlar?

  • 68:48

    Sən öz Rəbbinin hökmünə səbir et və balıq sahibi Yunus kimi olma! O zaman o, qəm-qüssə içində Rəbbinə dua etmişdi.

  • 68:49

    Əgər Rəbbinin mərhəməti ona yetişməsəydi, o, qınanmış halda heç bir bitki bitməyən boş yerə atılacaqdı.

  • 68:50

    Lakin Rəbbi onu seçib əməlisalehlərdən etdi.

  • 68:51

    Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr. Onlar çarəsizlikdən: “O, dəlidir!”– deyirlər.

  • 68:52

    Halbuki bu Quran aləmlər üçün öyüd-nəsihətdən başqa bir şey deyildir.

Paylaş
Tweet'le