69 HAKKA

  • 69:1

    Haqq olan Qiyamət!

  • 69:2

    Nədir haqq olan Qiyamət?

  • 69:3

    Sən nə biləsən ki, nədir haqq olan Qiyamət?

  • 69:4

    Səmud və Ad tayfaları qəlbləri qorxuya salan Qiyaməti yalan saydılar.

  • 69:5

    Səmud tayfası qorxunc bir səslə məhv edildi.

  • 69:6

    Ad tayfası isə hədsiz soyuq və şiddətli küləklə yox edildi.

  • 69:7

    Allah onu yeddi gecə, səkkiz gün fasilə vermədən onların üstündə əsdirdi. Sən orada olsaydın, o tayfanı xurma ağacının yıxılmış çürük gövdələri kimi yerə sərilmiş görərdin.

  • 69:8

    Sən onlardan qalan bir kimsəyə heç rast gəlmisənmi?

  • 69:9

    Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlər (Lut qövmü) də günah işlətmişdilər.

  • 69:10

    Onlar öz Rəbbinin elçisinə asi oldular, O da onları şiddəti artan bir əzabla yaxaladı.

  • 69:11

    Su aşıb-daşdıqda Biz sizi üzən gəmidə daşıdıq.

  • 69:12

    Sizə bir xatırlatma olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə belə etdik.

  • 69:13

    Sur bircə dəfə üfürüləcəyi,

  • 69:14

    yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –

  • 69:15

    həmin gün Vaqiə qopacaq.

  • 69:16

    Göy yarılacaq və həmin gün o, süst olacaqdır.

  • 69:17

    Mələklər isə onun ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini səkkiz mələk daşıyacaqdır.

  • 69:18

    O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir.

  • 69:19

    Kitabı sağ əlinə verilən deyəcəkdir: “Budur, oxuyun kitabımı!

  • 69:20

    Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam”.

  • 69:21

    O, xoşbəxt həyat sürəcəkdir –

  • 69:22

    uca bir Cənnətdə –

  • 69:23

    elə bir Cənnətdə ki, onun meyvələri lap yaxınlıqda olacaqdır.

  • 69:24

    Onlara: “Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!”– deyiləcəkdir

  • 69:25

    Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: “Kaş kitabım mənə verilməyəydi!

  • 69:26

    Hesabımdan da xəbərim olmayaydı!

  • 69:27

    Kaş ilk ölümüm həmişəlik olaydı!

  • 69:28

    Var-dövlətim məni əzabdan qurtarmadı.

  • 69:29

    Hökmranlığım da məhv olub getdi”.

  • 69:30

    Mələklərə deyiləcək: “Onu yaxalayıb zəncirləyin!

  • 69:31

    Sonra da Cəhənnəmə atın!

  • 69:32

    Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun!

  • 69:33

    Çünki o, Böyük Allaha iman gətirmirdi,

  • 69:34

    və heç kəsi kasıbı yedirtməyə rəğbətləndirmirdi.

  • 69:35

    Bu gün burada onun üçün bir dost tapılmaz.

  • 69:36

    Qanlı irindən başqa yeməyi də yoxdur.

  • 69:37

    Onu ancaq günahkarlar yeyər”.

  • 69:38

    And içirəm həm gördüklərinizə

  • 69:39

    və həm də görmədiklərinizə!

  • 69:40

    Bu, möhtərəm bir Elçinin sözüdür.

  • 69:41

    O, şair sözü deyildir! Necə də az inanırsınız!

  • 69:42

    O, kahin sözü də deyildir! Necə də az düşünürsünüz!

  • 69:43

    O, aləmlərin Rəbbi tərəfindən vəhy edilmişdir!

  • 69:44

    Əgər Muhəmməd bəzi sözləri özündən uydurub Bizə aid etsəydi,

  • 69:45

    Biz onu sağ əlindən yaxalayar,

  • 69:46

    sonra da şah damarını kəsərdik.

  • 69:47

    İçərinizdən heç kəs buna mane ola bilməzdi.

  • 69:48

    Həqiqətən, bu Quran müttəqilər üçün bir nəsihətdir.

  • 69:49

    Aranızdan Quranı yalan sayanlar olduğunu da bilirik!

  • 69:50

    Həqiqətən, bu, kafirlər üçün bir peşmançılıqdır.

  • 69:51

    Sözsüz ki, bu Quran əsl həqiqətdir.

  • 69:52

    Elə isə Böyük Rəbbinin adına təriflər de!

Paylaş
Tweet'le