70 MEARİC

  • 70:1

    İstəyən kimsə baş verəcək əzabı istədi –

  • 70:2

    bunu kafirlər üçün dilədi. O əzabın qarşısını alan tapılmayacaq.

  • 70:3

    O, dərəcələr sahibi olan Allahdandır.

  • 70:4

    Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar.

  • 70:5

    Sən təmkinlə səbir et!

  • 70:6

    Doğrusu, kafirlər o əzabın uzaq olduğunu güman edirlər.

  • 70:7

    Biz isə onun yaxın olduğunu görürük.

  • 70:8

    O gün göy əridilmiş metal kimi olacaqdır.

  • 70:9

    Dağlar da didilmiş yuna bənzəyəcəklər.

  • 70:10

    Dost dostunun halını xəbər almayacaq.

  • 70:11

    Halbuki onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını,

  • 70:12

    həyat yoldaşını və qardaşını,

  • 70:13

    ona sığınacaq vermiş nəslini

  • 70:14

    və yer üzündə olanların hamısını – təki bu onu xilas etsin.

  • 70:15

    Xeyr! Bu, alovu şölələnən Oddur –

  • 70:16

    başın dərisini sıyırıb çıxaran bir od.

  • 70:17

    O od çağırır haqqa arxa çevirəni, ondan üz döndərəni

  • 70:18

    və mal-dövlət yığıb saxlayanı.

  • 70:19

    Həqiqətən, insan kəmhövsələ yaradılmışdır.

  • 70:20

    Ona bir pislik toxunduqda özündən çıxır,

  • 70:21

    bir xeyir nəsib olduqda isə xəsislik edir.

  • 70:22

    Namaz qılanlar istisnadır.

  • 70:23

    O kəslər ki, namazlarını həmişə qılırlar.

  • 70:24

    O kəslər ki, onların mallarında məlum bir haqq vardır-

  • 70:25

    dilənən və həya edib dilənməyən miskinlər üçün.

  • 70:26

    O kəslər ki, Haqq-hesab gününü təsdiq edirlər.

  • 70:27

    O kəslər ki, Rəbbinin əzabından qorxurlar.

  • 70:28

    Axı Rəbbinin əzabı onlar üçün də təhlükəsiz deyil.

  • 70:29

    O kəslər ki, tənasül üzvlərini zinadan qoruyurlar –

  • 70:30

    zövcələrindən və sahib olduqları cariyələrdən başqa. Buna görə onlar əsla qınanmazlar.

  • 70:31

    Bundan artığını istəyənlər isə həddi aşanlardır.

  • 70:32

    O kəslər ki, əmanəti danmır və əhdlərini pozmurlar.

  • 70:33

    O kəslər ki, şahidliklərində mətindirlər.

  • 70:34

    Bir də o kəslər ki, namazlarını dəqiqliklə qılırlar.

  • 70:35

    Cənnət bağlarında hörmət göstəriləcək insanlar da elə onlar olacaqdır.

  • 70:36

    Sənə doğru tələsən kafirlərə nə olub belə –

  • 70:37

    sağdan-soldan dəstələrlə ətrafına yığışırlar?

  • 70:38

    Deyəsən onların hamısı Nəim cənnətinə bir təhər girə biləcəklərini düşünürlər?

  • 70:39

    Xeyr! Bu mümkün deyil! Biz onları bildikləri şeydən xəlq etmişik.

  • 70:40

    And içirəm məşriqlərin və məğriblərin Rəbbinə! Biz doğrudan da, elə bir qüdrətə malikik ki, –

  • 70:41

    onları daha yaxşıları ilə əvəz edə bilərik. Bunda qarşımıza çıxa bilən tapılmaz.

  • 70:42

    Vədə verilmiş günə çatanadək onlarla daha işin olmasın, qoy boş-boş danışsınlar və əylənsinlər.

  • 70:43

    O gün, məbudlarına ibadətə can atırmışlar kimi onlar qəbirlərdən çıxacaqlar.

  • 70:44

    O gün onların baxışları yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Budur onların xəbərdar edildikləri Gün!

Paylaş
Tweet'le