71 NUH

  • 71:1

    Həqiqətən, Biz Nuhu öz qövmünə göndərdik və dedik: “Sən öz qövmünü, onlara ağrılı-acılı bir əzab gəlməmişdən əvvəl xəbərdar et!”

  • 71:2

    O dedi: “Ey qövmüm! Şübhəsiz ki, mən sizi aydın bir tərzdə xəbərdar edənəm!

  • 71:3

    Allaha ibadət edin, Ondan qorxun və mənə itaət edin!

  • 71:4

    Belə etsəniz, O sizin günahlarınızdan keçər və sizə müəyyən vaxtadək möhlət verər. Həqiqətən, Allahın müəyyən etdiyi vaxt gəlib çatdıqda əsla təxirə salınmaz. Kaş biləydiniz!”

  • 71:5

    O dedi: “Ey Rəbbim, mən xalqımı gecə də, gündüz də dəvət etdim.

  • 71:6

    Amma dəvətim onların haqdan qaçmalarını daha da artırdı.

  • 71:7

    Sən onları bağışlayasan deyə mən hər dəfə onları imana dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, küfrlərində israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər.

  • 71:8

    Sonra mən onları aşkarcasına dəvət etdim.

  • 71:9

    Sonra mən onlara həm uca səslə, həm də gizlicə bildirib

  • 71:10

    dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır!

  • 71:11

    O, sizin üzərinizə bol-bol yağış göndərər,

  • 71:12

    var-dövlət və oğul-uşaqla sizin imdadınıza çatar, sizin üçün bağlar salar və çaylar yaradar.

  • 71:13

    Necə olub ki, siz Allahın böyüklüyünü layiqincə uca tutmursunuz?

  • 71:14

    Axı O sizi mərhələlərlə yaratdı.

  • 71:15

    Məgər Allahın yeddi göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüz?

  • 71:16

    Ayı bir nur, günəşi də çıraq etmişdir.

  • 71:17

    Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir.

  • 71:18

    Sonra O sizi ora qaytaracaq və yenidən çıxardacaqdır.

  • 71:19

    Allah yeri sizin üçün xalı təki döşədi.

  • 71:20

    Belə etdi ki, orada geniş yollarla hərəkət edəsiniz”.

  • 71:21

    Nuh dedi: “Ey Rəbbim! Onlar mənə asi oldular və var-dövləti, övladı özünə zərərdən başqa bir şey artırmayan bir adama tabe oldular.

  • 71:22

    Onlar mənə qarşı böyük bir hiylə işlətdilər

  • 71:23

    və özlərinə tabe olanlara dedilər: “Öz məbudlarınızı tərk etməyin; Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!”

  • 71:24

    Artıq onlar çoxlarını azdırmışlar. Sən də zalımlara azğınlıqdan başqa bir şey artırma”.

  • 71:25

    Onlar öz günahlarına görə suya qərq edildilər və oda atıldılar. Onlar özlərinə Allahdan savayı köməkçilər tapmadılar.

  • 71:26

    Nuh dedi: “Ey Rəbbim, kafirlərdən yer üzündə bir nəfəri belə sağ qoyma!

  • 71:27

    Əgər Sən onları sağ qoysan, onlar qullarını azdıracaq və yalnız günahkar, kafir övladlar doğub-törədəcəklər.

  • 71:28

    Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və bütün mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır”.

Paylaş
Tweet'le