72 CİN

  • 72:1

    De: “Mənə vəhy olundu ki, cinlərdən bir dəstə Quranı dinlədikdən sonra öz tayfalarına qayıdıb dedilər: “Həqiqətən, biz heyrətamiz bir Quran dinlədik!

  • 72:2

    O, doğru yola yönəldir. Biz ona inandıq və bundan sonra əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq.

  • 72:3

    Doğrudan da, Rəbbimizin əzəməti çox yüksəkdir. O, nə zövcə, nə də övlad sahibi olmamışdır.

  • 72:4

    Bizim səfehimiz İblis Allaha qarşı hədsiz yalanlar danışır.

  • 72:5

    Biz zənnə qapılaraq düşünürdük ki, insanlar da, cinlər də Allaha iftira atmazlar.

  • 72:6

    Həqiqətən, insanlardan bəziləri cinlərin bəzilərinə sığınırdılar. Bu isə onların azğınlığını artırırdı.

  • 72:7

    Onlar da siz zənn etdiyiniz kimi, elə düşünürdülər ki, Allah ölənləri diriltməyəcəkdir.

  • 72:8

    Biz səmaya qalxdıqda onun sərt gözətçilər və yandırıb-yaxan alovlarla dolu olduğunun şahidi olduq.

  • 72:9

    Biz əvvəllər gizlicə qulaq asmaq üçün göyün bəzi sahələrində oturardıq. Amma kim bunu indi etmək istəsə, o, pusquda gözləyən yandırıcı alova rast gələr.

  • 72:10

    Biz bilmirik, bununla yerdəkilərə pislik etmək qəsd edilmişdir, yoxsa Rəbbi onları doğru yola yönəltmək istəmişdir?

  • 72:11

    Əlbəttə, aramızda xeyirxah əməl sahibləri də, onlar kimi olmayanlar da var. Biz ayrı-ayrı yollar tutmuşuq.

  • 72:12

    Biz yəqin etdik ki, yer üzündə Allahdan yaxa qurtara bilmərik. Göyə qaçmalı olsaq da Onun əzabından yayına bilməyəcəyik.

  • 72:13

    Biz doğru yolu göstərən rəhbəri eşitdiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən, nə savabının azalmasından, nə də haqsızlığa uğramaqdan qorxmaz.

  • 72:14

    Sözsüz ki, bizlərdən müsəlmanlar da var, doğru yoldan sapanlar da. Müsəlman olan şəxslər doğru yol tutanlardır.

  • 72:15

    Doğru yoldan sapanlar Cəhənnəm üçün odun olacaqlar”.

  • 72:16

    Əgər onlar o yolda sabit qalsaydılar, Biz onlara bol-bol su verərdik.

  • 72:17

    Belə edərdik ki, bununla onları sınayaq. Kim öz Rəbbinin zikrindən üz döndərərsə, O, həmin şəxsi şiddətli bir əzaba məruz qoyar.

  • 72:18

    Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin!

  • 72:19

    Allahın qulu qalxıb Allaha dua etdikdə cinlər az qala onun dövrəsində bir-birinə keçib çəpər yaradırdılar.

  • 72:20

    De: “Mən yalnız öz Rəbbimə dua edirəm və kimisə Ona şərik qoşmuram!”

  • 72:21

    De: “Mən sizə nə ziyan verməyə, nə də sizi doğru yola yönəltməyə qadir deyiləm!”

  • 72:22

    De: “Həqiqətən, məni Allahdan kimsə xilas edə bilməz və mən Ondan başqa bir pənah yeri tapa bilmərəm!

  • 72:23

    Mənim əlimdən gələn ancaq Allahı və Onun göndərdiklərini təbliğ etməkdir. Kim Allaha və Onun Elçisinə asi olarsa, onun üçün içərisində əbədi qalacaqları Cəhənnəm odu hazırlanmışdır”.

  • 72:24

    Onlar özlərinə vəd olunmuş əzabı gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.

  • 72:25

    De: “Mən sizə vəd olunmuş əzabın yaxın olduğunu və yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin etmiş olduğunu bilmirəm.

  • 72:26

    O, qeybi Biləndir və Öz qeybini heç kəsə açmaz;

  • 72:27

    razı qaldığı elçidən başqa. Həqiqətən, Allah onların önündə və arxasında gözətçilər qoyur ki,

  • 72:28

    hər kəs onların, Rəbbinin göndərdiklərini necə təbliğ etdiyini bilsin. Allah onların nə etdiklərini nəzarəti altında saxlayır və hər şeyi ayrı-ayrılıqda hesaba alır”.

Paylaş
Tweet'le