75 KIYAMET

  • 75:1

    And içirəm Qiyamət gününə!

  • 75:2

    And içirəm peşmançılıq çəkən nəfsə!

  • 75:3

    İnsan elə düşünür ki, Biz onun sümüklərini yığa bilməyəcəyik.

  • 75:4

    Mütləq yığacağıq! Biz onun barmaq uclarını bərpa etməyə qadirik.

  • 75:5

    Lakin insan bundan sonra da günah etmək fikrindədir.

  • 75:6

    O: “Qiyamət günü nə vaxt olacaq!”– deyə rişxəndlə soruşur.

  • 75:7

    Gözlər bərələ qalacağı,

  • 75:8

    ay tutulacağı

  • 75:9

    və günəşlə ayın qovuşacağı zaman –

  • 75:10

    o gün insan deyəcəkdir: “Hara qaçaq?”

  • 75:11

    Xeyr, o gün pənah aparılacaq yer tapılmayacaq.

  • 75:12

    O gün qayıdış ancaq sənin Rəbbinə olacaqdır.

  • 75:13

    O gün insana əvvəllər etdiyi və sonraya saxladığı əməlləri barədə xəbər veriləcəkdir.

  • 75:14

    Əslində, insan öz əleyhinə şahidlik edəcəkdir;

  • 75:15

    üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da.

  • 75:16

    Cəbrail sənə Quranı nazil etdikdə onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə!

  • 75:17

    Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir.

  • 75:18

    Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə.

  • 75:19

    Sonra, sözsüz ki, onu izah etmək də Bizə aiddir.

  • 75:20

    Xeyr! Əksinə, siz tez ötüb keçən fani dünyanı sevir,

  • 75:21

    Axirətdən isə uzaqlaşırsınız.

  • 75:22

    O gün neçə-neçə üzlər nurlanacaq

  • 75:23

    və öz Rəbbinə baxacaqdır.

  • 75:24

    O gün neçə-neçə üzlər də tutulub qaralacaq,

  • 75:25

    və yəqin edəcək ki, onlara müsibət artıq üz vermişdir.

  • 75:26

    Xeyr, o ruh körpücük sümüklərinə yetişəcəyi zaman;

  • 75:27

    “Ovsunu kim oxuyacaq?”– deyiləcəkdir.

  • 75:28

    Can verən adam dünya həyatından ayrıldığını yəqin edəcəyi,

  • 75:29

    və ayaq ayağa dolaşacağı zaman –

  • 75:30

    o gün hər kəs Rəbbinin hüzuruna gətiriləcəkdir.

  • 75:31

    O kafir nə Quranı təsdiq etdi, nə də namaz qıldı.

  • 75:32

    Haqqı da yalan saydı və üz döndərdi.

  • 75:33

    Sonra da lovğa-lovğa öz ailəsinin yanına getdi.

  • 75:34

    Vay sənin halına, vay!

  • 75:35

    Yenə də vay sənin halına, vay!

  • 75:36

    Bəlkə insan özbaşına qoyulacağını güman edir?

  • 75:37

    Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi?

  • 75:38

    Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir görkəmə saldı.

  • 75:39

    Ondan da bir cüt kişi və qadın yaratdı.

  • 75:40

    Məgər O, ölüləri diriltməyə qadir deyil?

Paylaş
Tweet'le