76 İNSAN

  • 76:1

    Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir?

  • 76:2

    İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik.

  • 76:3

    Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun.

  • 76:4

    Doğrudan da, kafirlərdən ötrü zəncirlər, buxovlar və alovsaçan od hazırlamışıq.

  • 76:5

    Sözsüz ki, itaətkarlar kafur qatılmış şərabla dolu badələrdən nuş edəcəklər.

  • 76:6

    Bu elə bir bulaqdır ki, Allahın qulları ondan doyunca içər və onun mənsəbini istədikləri səmtə yönəldərlər.

  • 76:7

    Onlar vəd etdikləri nəziri verər və dəhşəti hər yeri sarsıdacaq gündən qorxarlar.

  • 76:8

    Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər

  • 76:9

    və deyərlər: “Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləyirik!

  • 76:10

    Əslində, biz, Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik!”

  • 76:11

    Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər;

  • 76:12

    onlara səbir etdiklərinə görə Cənnəti bəxş edər və orada geyəcəkləri ipəklə mükafatlandırar.

  • 76:13

    Onlar orada taxtlar üzərində mütəkkələrə dirsəklənəcək və orada nə günəş, nə də şaxta görməyəcəklər.

  • 76:14

    Cənnət ağaclarının kölgələri özləri onlara yaxınlaşacaq, meyvələri də tam onların ixtiyarına veriləcək.

  • 76:15

    Onların ətrafına təamlarla dolu gümüşdən hazırlanmış qablar və büllur qədəhlər dolandırılacaq.

  • 76:16

    Gümüşdən olan elə büllur qədəhlər ki, xidmətçilər onları cənnətdəkilərin içmək istədikləri həcmdə hazırlamışlar.

  • 76:17

    Orada onlara zəncəfil qatılmış şərab badəsi içirdiləcək.

  • 76:18

    Bu elə bir bulaqdandır ki, o, Cənnətdə Səlsəbil adlanır.

  • 76:19

    Onların ətrafında həmişə gənc olan xidmətçi cavanlar dolanacaqlar. Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını sanarsan.

  • 76:20

    Cənnətdə hara baxsan nemət və əzəmətli səltənət nişanəsi görərsən.

  • 76:21

    Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların qoluna gümüş bilərziklər bağlanacaq. Onların Rəbbi onlara tərtəmiz şərab içirdəcəkdir.

  • 76:22

    Onlara deyiləcəkdir: “Həqiqətən, bu sizə bir hədiyyədir və səyiniz təşəkkürə layiqdir”.

  • 76:23

    Biz Quranı sənə hissə-hissə aramla nazil etdik.

  • 76:24

    Belə ki, Rəbbinin qərar verəcəyinə qədər səbir et və onlardan heç bir günahkara və ya nankora itaət etmə!

  • 76:25

    Səhər-axşam Rəbbinin adını zikr et!

  • 76:26

    Gecənin bir hissəsində Ona səcdə et və gecədə uzun müddət Onun şəninə təriflər de!

  • 76:27

    Əsl həqiqətdə, bunlar ötəri dünyanı üstün tutaraq qarşılarındakı ağır günü görməməzliyə vururlar.

  • 76:28

    Biz onları yaratdıq və xilqətini möhkəmlətdik. Əgər istəsək, onları özlərinə bənzərləri ilə dəyişdirərik.

  • 76:29

    Həqiqətən, bu bir ibrətdir. İstəyən, Rəbbinə doğru aparan bir yol tutar.

  • 76:30

    Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah Biləndir, Müdrikdir!

  • 76:31

    O, istədiyini Öz mərhəmətinə qovuşdurar. Zalımlara isə, O, ağrılı-acılı əzab hazırlamışdır.

Paylaş
Tweet'le