79 NAZİAT

  • 79:1

    And olsun kafirlərin canını zorla alanlara!

  • 79:2

    And olsun möminlərin canını rahatlıqla alanlara!

  • 79:3

    And olsun göydə üzdükcə üzənlərə!

  • 79:4

    And olsun ötdükcə ötənlərə!

  • 79:5

    And olsun buyruqları yerinə yetirənlərə!

  • 79:6

    O gün lərzəyə gələn lərzələnəcək,

  • 79:7

    onun ardınca təkrar lərzələnəcək.

  • 79:8

    Həmən gün qəlblər qorxudan tir-tir əsəcək.

  • 79:9

    Bu qəlb sahiblərinin gözləri məzlum görkəm alacaq.

  • 79:10

    Onlar deyirlər: “Yəni biz yenidən bundan qabaqkı halımıza döndəriləcəyik?

  • 79:11

    Sümüklərimiz çürüdükdən sonra?”

  • 79:12

    Onlar dedilər: “Belə olduğu halda bu, zərərli bir qayıdışdır”.

  • 79:13

    O surun üfürülməsi təkcə qorxunc bir səsdir.

  • 79:14

    O vaxt onlar ləngimədən qəbirlərindən yerin səthinə çıxacaqlar.

  • 79:15

    Musanın hadisəsi sənə yetişdimi?

  • 79:16

    O zaman Rəbbi onu müqəddəs Tuva vadisində səsləyib demişdi:

  • 79:17

    “Fironun yanına yollan! O, həddini çox aşmışdır.

  • 79:18

    De: “Günahlardan xilas olmaq istəyirsənmi?

  • 79:19

    Səni Rəbbinə doğru yönəldimmi ki, Ondan qorxub çəkinəsən?”

  • 79:20

    Musa ən böyük möcüzəni Firona göstərdi.

  • 79:21

    O isə haqqı yalan sayıb üsyankar olduğunu göstərdi.

  • 79:22

    Sonra da üz döndərib fəsad törətməyə girişdi.

  • 79:23

    O, camaatını toplayıb onlara hündür səslə müraciət edərək

  • 79:24

    dedi: “Sizin ən uca rəbbiniz mənəm!”

  • 79:25

    Belə olduqda, Allah da onu dünya və Axirət əzabı ilə yaxaladı.

  • 79:26

    Həqiqətən, bunda Allahdan qorxanlardan ötrü işarə var.

  • 79:27

    Sizin yaradılışınız çətindir, yoxsa göyün? Allah onu qurdu,

  • 79:28

    onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi,

  • 79:29

    gecəsini qaranlıq edib, səhərini də nurlandırdı.

  • 79:30

    Sonra yeri döşəyib,

  • 79:31

    onda su və otlaq yaratdı,

  • 79:32

    dağları da yerə bərkitdi.

  • 79:33

    Bunlar sizin və mal-qaranızın faydalanmasından ötrüdür.

  • 79:34

    Ən böyük fəlakətin gəldiyi zaman –

  • 79:35

    o gün insan törətdiklərini xatırlayacaqdır.

  • 79:36

    Cəhənnəm isə hər görmə qabiliyyətliyə göstəriləcəkdir.

  • 79:37

    Kim həddi aşmışsa,

  • 79:38

    dünya həyatını axirətdən üstün bilmişsə,

  • 79:39

    həqiqətən, Cəhənnəm onun sığınacağı olacaqdır.

  • 79:40

    Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə,

  • 79:41

    həqiqətən, Cənnət onun məskəni olacaq.

  • 79:42

    Səndən o Saat barəsində: “O nə vaxt qopacaq?”– deyə soruşurlar.

  • 79:43

    Axı sən onu haradan biləsən?!

  • 79:44

    Onu kamil bilmək sənin Rəbbinə aiddir.

  • 79:45

    Sən yalnız ondan qorxanı xəbərdar edənsən.

  • 79:46

    Onlar Qiyaməti gördükləri an dünyada yalnız bir axşam çağı və yaxud bir gündüz qədər yaşadıqlarını güman edəcəklər!

Paylaş
Tweet'le