80 ABESE

  • 80:1

    O qaşqabağını sallayıb üzünü yana çevirdi –

  • 80:2

    yanına bir korun gəlməsinə görə.

  • 80:3

    Nə bilirdin ki, bəlkə o günahlardan təmizlənəcəkdi

  • 80:4

    və yaxud nəsihət dinləyib faydalanacaqdı.

  • 80:5

    Nəsihətə ehtiyacı olmayana gəlincə isə –

  • 80:6

    sən ona diqqət yetirirsən.

  • 80:7

    Onun təmizlənməməyinin sənə bir dəxli yoxdur.

  • 80:8

    Səy göstərib sənin yanına gələn,

  • 80:9

    Allahdan qorxan kimsəyə gəlincə,

  • 80:10

    ona məhəl qoymursan!

  • 80:11

    Xeyr! Şübhəsiz ki, bu, bir nəsihətdir.

  • 80:12

    Kim istəsə, qoy onu xatırlayıb ibrət alsın.

  • 80:13

    Bu Quran kəramətli səhifələrdədir,

  • 80:14

    yüksək və pak səhifələrdədir.

  • 80:15

    Bu səhifələr elçilərin əllərində –

  • 80:16

    möhtərəm və müti olanların əllərindədir.

  • 80:17

    Qoy ölsün kafir insan! O necə də nankordur!

  • 80:18

    Qoy baxıb görsün Allah onu nədən yaradıb?

  • 80:19

    Allah onu nütfədən yaratdı və müəyyən şəkildə formalaşdırdı.

  • 80:20

    Sonra da onun yolunu asanlaşdırdı.

  • 80:21

    Sonra onu öldürüb qəbirə yerləşdirdi.

  • 80:22

    İstədiyi bir zaman onu dirildəcəkdir.

  • 80:23

    Xeyr! O, hələ də Allahın ona buyurduğunu yerinə yetirməmişdir.

  • 80:24

    Qoy insan yediyinə diqqət yetirsin bir az!

  • 80:25

    Həqiqətən, yağışı bol-bol Biz yağdırırıq.

  • 80:26

    Sonra da yeri çat-çat yarıb

  • 80:27

    orada taxıl yetişdiririk.

  • 80:28

    Habelə üzüm və yonca,

  • 80:29

    zeytun və xurma ağacları,

  • 80:30

    sıx-sıx bağlar,

  • 80:31

    meyvələr və otlar da bitiririk.

  • 80:32

    Bu nemətlər sizin istifadəniz və mal-qaranızın faydalanması üçündür.

  • 80:33

    Qulaqbatırıcı bir səs gələndə –

  • 80:34

    o gün insan qaçacaq öz qardaşından,

  • 80:35

    anasından, atasından,

  • 80:36

    arvadından və övladlarından!

  • 80:37

    O gün onlardan hər birinin yetərincə işi olacaqdır.

  • 80:38

    O gün neçə-neçə üzlər parlayacaq,

  • 80:39

    güləcək və fərəhlənəcəkdir.

  • 80:40

    O gün neçə-neçə üzlərə toz-torpaq hopacaq,

  • 80:41

    onları zülmət bürüyəcəkdir.

  • 80:42

    Məhz onlar kafirlər, günahkarlardır!

Paylaş
Tweet'le