84 İNŞİKAK

  • 84:1

    Göy yarılacağı

  • 84:2

    və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;

  • 84:3

    Yer dümdüz ediləcəyi,

  • 84:4

    içindəkiləri kənara atıb boşalacağı

  • 84:5

    və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;

  • 84:6

    Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan!

  • 84:7

    Kimin kitabı sağ əlinə veriləcəksə,

  • 84:8

    o, yüngül sorğu-suala tutulacaq

  • 84:9

    və sevincək öz ailəsinə qayıdacaqdır!

  • 84:10

    Kimin kitabı arxa tərəfindən veriləcəksə,

  • 84:11

    o özünə ölüm diləyəcək

  • 84:12

    və alovlu oda atılacaqdır!

  • 84:13

    Sözsüz ki, o, dünyada ikən öz ailəsində sevinc içində idi

  • 84:14

    və elə güman edirdi ki, Rəbbinin hüzuruna qayıtmayacaqdır.

  • 84:15

    Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü.

  • 84:16

    And içirəm şəfəqə,

  • 84:17

    gecəyə və onun ağuşuna aldıqlarına,

  • 84:18

    bədirlənmiş on dörd gecəlik aya!

  • 84:19

    Siz mütləq haldan-hala keçib dəyişəcəksiniz.

  • 84:20

    Onlara nə olub ki, iman gətirmirlər

  • 84:21

    və onlara Quran oxunduqda səcdə etmirlər?

  • 84:22

    Əksinə, küfr edənlər haqqı yalan sayırlar.

  • 84:23

    Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir!

  • 84:24

    Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ,

  • 84:25

    iman gətirib yaxşı işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafatlar hazırlanmışdır.

Paylaş
Tweet'le