88 GAŞİYE

  • 88:1

    Aləmi Bürüyənin xəbəri sənə gəlib çatdımı?

  • 88:2

    O gün neçə-neçə üzlər zəlil olub yerə dikiləcək,

  • 88:3

    üzülüb əldən düşəcək,

  • 88:4

    çox qızmar oda girəcək,

  • 88:5

    qaynar çeşmədən içirdiləcəkdir.

  • 88:6

    Onlara daridən başqa bir yemək verilməyəcəkdir.

  • 88:7

    O onları nə doydurar, nə də aclıqdan xilas edər.

  • 88:8

    O gün neçəsinin üzündə fərəh görünəcək,

  • 88:9

    dünyadakı səylərindən məmnun qalacaq,

  • 88:10

    uca Cənnətdə olacaq,

  • 88:11

    orada faydasız söz eşitməyəcəkdir.

  • 88:12

    Orada axar çeşmələr vardır;

  • 88:13

    Orada hündür taxtlar,

  • 88:14

    düzülmüş piyalələr,

  • 88:15

    yan-yana qoyulmuş yastıqlar,

  • 88:16

    və döşəmələrə sərilmiş xalçalar vardır.

  • 88:17

    Məgər onlar dəvənin necə yaradıldığını görmürlər?

  • 88:18

    Göyün necə yüksəldiyini görmürlər?

  • 88:19

    Dağların necə sancıldığını görmürlər?

  • 88:20

    Yerin necə döşədildiyini görmürlər?

  • 88:21

    Onlara nəsihət ver! Sən yalnız nəsihətçisən.

  • 88:22

    Sən onların üstündə hökmdar deyilsən.

  • 88:23

    Lakin üz döndərib küfr edəni,

  • 88:24

    Allah ən şiddətli əzabla cəzalandırar.

  • 88:25

    Şübhəsiz ki, onların dönüşü Bizədir.

  • 88:26

    Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir.

Paylaş
Tweet'le