89 FECR

  • 89:1

    And olsun dan yerinə!

  • 89:2

    And olsun on gecəyə!

  • 89:3

    And olsun cütə və təkə!

  • 89:4

    And olsun keçib getməkdə olan gecəyə!

  • 89:5

    Məgər bu andlar ağıl sahibi üçün kifayət deyilmi?

  • 89:6

    Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ad qövmünə,

  • 89:7

    sütunlar sahibi İrəm qəbiləsinə –

  • 89:8

    halbuki, yer üzündə onlar kimisi xəlq edilməmişdi.

  • 89:9

    Habelə vadidə qayaları yonan Səmud qövmünə?

  • 89:10

    Eləcə də sütunlar sahibi Firona?

  • 89:11

    Onlar o kəslər idi ki, ölkələrində həddi aşmış,

  • 89:12

    çoxlu fitnə-fəsad törətmişdilər.

  • 89:13

    Rəbbin də onları əzabla qamçıladı.

  • 89:14

    Həqiqətən, sənin Rəbbin nəzarət edir.

  • 89:15

    İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə: “Rəbbim mənə ehtiram göstərdi!”– deyər.

  • 89:16

    Amma onu sınamaq üçün ruzisini azaldanda: “Rəbbim məni alçaltdı!”– deyər.

  • 89:17

    Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsiniz,

  • 89:18

    kasıbı yedirməyə bir-birinizi təhrik etmirsiniz,

  • 89:19

    mirası hərisliklə yeyirsiniz,

  • 89:20

    var-dövləti də hərisliklə sevirsiniz.

  • 89:21

    Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq,

  • 89:22

    sənin Rəbbin və səf-səf düzülmüş mələklər gələcək

  • 89:23

    və o gün Cəhənnəm gətiriləcək. O gün insan günahlarını xatırlayacaqdır. Lakin bu xatırlamanın ona nə faydası?

  • 89:24

    O: “Kaş axirət həyatım üçün əvvəlcədən hazırlıq görəydim!”– deyəcəkdir.

  • 89:25

    O gün heç kəs Allahın verdiyi əzab kimi əzab verə bilməz

  • 89:26

    və heç kəs Onun buxovladığı kimi buxovlaya bilməz.

  • 89:27

    O gün möminə deyiləcəkdir: “Ey arxayın olan kəs!

  • 89:28

    Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön!

  • 89:29

    Mənim qullarımın cərgəsinə keç!

  • 89:30

    Cənnətimə daxil ol!

Paylaş
Tweet'le