98 BEYYİNE

  • 98:1

    Kitab əhlindən və müşriklərdən inkar edənlər onlara açıq-aydın dəlil gəlməyincə küfrlərindən əl çəkmədilər.

  • 98:2

    Bu dəlil pak səhifələri oxuyan Allahın göndərdiyi Elçidir.

  • 98:3

    Onların içində doğru yazılar vardır.

  • 98:4

    Kitab verilənlər onlara yalnız aydın bir dəlil gəldikdən sonra firqələrə bölündülər.

  • 98:5

    Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!

  • 98:6

    Həqiqətən, Kitab əhlindən və müşriklərdən inkar edənlərin məskəni Cəhənnəm odu olacaq və orada əbədi qalacaqlar. Onlar məxluqatın ən pisləridir.

  • 98:7

    Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər məxluqların ən yaxşısıdırlar.

  • 98:8

    Onların Rəbbinin yanındakı mükafatı ağacları altından çaylar axan, içində əbədi qalacaqları Ədn bağlarıdır. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu nemətlər, Rəbbindən qorxan kimsələrdən ötrüdür!

Paylaş
Tweet'le